“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin bütün mesajları hər birimiz üçün ciddi tapşırıq hesab edilir. Cənab Prezidentin Qarabağ müharibəsi iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğı hər birimiz üçün örnəkdir”.
Mediation.az xəbər verir ki, bunu Mediasiya Şurasının sədri Nadir Adilov deyib.
O bildirib ki, nümunəvi davranışları, mediator kimi peşəkar fəaliyyətlərindəki fərqlənmələrinə görə, eyni zamanda mediasiya islahatlarındakı töhfələri nəzərə alınmaqla, iki nəfər Qarabağ müharibəsi veteranı olan mediatorumuz “8 Noyabr – Zəfər Bayramı” ərəfəsində Mediasiya Şurasının Komitə sədrləri təyin ediliblər. Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə mediator Rauf Əzimov Mediasiya Şurasının Ailə mübahisələri üzrə Komitənin sədri təyin edilib. Qeyd edilən komitənin vəzifəsi ailə mübahisələri üzrə müraciətlərin nəticə yönümlü olması, bu sahədə meydana çıxan aktual problemlərin həlli istiqamətində təhlillər aparıb təkliflər vermək, sahənin inkişafı üçün işlər görməkdir. Komitə mediatorların könüllü əsaslarla ixtisaslaşaraq birləşməsini qarşıya məqsəd qoymuşdur”.
Sədr qeyd edib ki, hazırda komitədə üzv olmaq üçün 30 mediator müraciət edib: “Gələcəkdə komitə sədri Rauf Əzimovun təqdimatı əsasında komitənin inkişaf strategiyası hazırlanaraq İdarə Heyətinə təqdim ediləcəkdir. Rauf Əzimov 16.10.2020-ci il tarixdə, 32 yaşıını qeyd etdiyi gündə səfərbərlik əsasında, könüllü olaraq döyüşə getmişdir. Müharibədə olduğu müddətdə Cəbrayıl və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cənab Prezidentin sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 2021-ci ildən Mediasiya Şurasının üzvüdür, Bakı 10 saylı mediasiya təşkilatının rəhbəri və peşəkar mediatordur. Hazırda həm vəkil, həm də mediator kimi fəaliyyət göstərir. Digər Qarabağ müharibəsi iştirakçısı, mediator Elvin Məhərrəmov isə Mediasiya Şurasının Əmək mübahisələri üzrə Komitənin sədri təyin edillib. Qeyd edilən komitənin vəzifəsi əmək mübahisələrinin həllində rol oynamaq, meydana çıxan problemlərin araşdırılması və bu sahədə təkliflər verməkdir. Eyni zamanda bu komitə də digər ixtisaslaşmış komitə kimi keyfiyyətli mediasiya işlərinin icra olunmasına nəzarət edəcəkdir. Elvin Məhərrəmov da nümunəvi və peşəkar bacarıqları ilə seçilən mediator olmaqla bərabər, həm də mediasiya proseslərində xüsusi əməyi ilə fərqlənmişdir. Elvin Məhərrəmov 29.07.1993-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. 2008-2011-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində “Gənc İstedadlar” liseyində, 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, 2016-cı ildə müddətli hərbi xidmətimi tamamladıqdan sonra (həm də aprel döyüşlərinin iştirakçısı kimi), 2016-2018-ci illərdə Bakı Dövlət Universitetinin Avropa Hüquq üzrə magistr dərəcəsi (ingilis sektor) almışdır. 2021-ci ilin 15 oktyabr – 27 dekabr müddətində səfərbərlik əsasında təkrar hərbi xidmətdə olmuşdur. Vətən müharibəsi iştirakçısı kimi Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və Baş Nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 28 dekabr 2020-ci il tarixindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi “Vəkillərin 100 illiyi yubiley döş nişanı” medalı ilə təltif olunmuşdur. 2021-ci ildən Mediasiya Şurasının üzvüdür, Bakı 5 saylı mediasiya təşkilatının nümunəvi mediatorlarından biridir. Hazırda həm vəkil, həm də mediator kimi fəaliyyət göstərməkdədir”.