Ailə, əmək və kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl (yəni iddia ərizələri verməmişdən əvvəl) tərəflər məcburi ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği” haqda qərarı ilə aşağıdakı kimi müəyyən edilmişdir:

Sıra №-siMübahisənin növüHaqqın məbləği
1.Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə50 manat
2.Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə50 manat
3.Kommersiya mübahisələri üzrə 
3.1.iddia qiyməti 500 manatadək olduqda20 manat
3.2.iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda40 manat
3.3.iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda60 manat
3.4.iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda100 manat
3.5.iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda200 manat
3.6.iddia qiyməti 50000 manatdan çox olduqda400 manat

 İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.

Mediasiya haqqında Qanuna əsasən mediasiya prosesi 30 gün ərzində (Qanunun 24.7. maddəsi) başa çatmalıdır. Barışıq sazişində tərəflər başqa müddət müəyyən etməsələr, saziş imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur.