Sentyabr ayının biri Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkilər siyasi partiyalar üçün ikiqat önəm daşıyır, çünki ilk dəfə olaraq bu seçkilərdən sonra seçkidə iştirak edən bütün siyasi partiyalar dövlətdən maliyyə alacaq. 2024-cü ilin dövlət büdcəsində siyasi partiyalar üçün 5 milyon manat ayrılıb. Parlament Seçkilərində isə dövlət qeydiyyatı olan 26 siyasi partiyanın 25-i iştirak edir. Yeni qaydalarda əsasən:

Vəsaitin 40%-i yəni 2.000.000 manat parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50%-i yəni 2.500.000 manatı deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.Vəsaitin 5%-i yəni 250.000 manatı təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır.Vəsaitin 2,5 faizi yəni 125.000 manatı isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər bölünür. 25 siyasi partiyanın seçkilərdə iştirak etdiyi nəzərə alsaq hər siyasi partiyaya 5000 manat vəsait düşür.Yerdə qalan 2.5%-i yəni 125.000 manatı isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.Əvvəlki qanunda vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və səs qazana bilən bütün partiyalara aid olacaq. Qanuna əsasən demək olar ki seçkidə iştirak edib, parlamentə düşə bilməyən bir siyasi partiya dövlətdən ən azı 5000 manat dəyərində maliyyə yardımı alacaq.

Həsən Türksoy

Mediation.az