“Ötən bir il ərzində Mediasiya Şurasının İdarə heyətinin və komitələrin birgə səyləri nəticəsində korporativ inzibatçılıq təmin edilərərək mühüm işlər görülüb. Mediasiya Şurasının İdarə Heyəti tərəfindən nağdsız hesablaşmalara dair işlərin başa çatması üzrə göstərişlər tam icra ediləcək”.

Mediation.az xəbər verir ki, bunu açıqlamasında Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri Mayıl Əhməd deyib.

O bildirib ki, mediatorların və mediasiya təşkilatlarının, eyni zamanda vətəndaşlarla mediasiya təşkilatları və mediatorlar arasında olan maliyyə münasibətlərinin nağdsız qaydada tətbiqinə ciddi nəzarət tədbirlərinə başlanılıb.

“Eyni zamanda, mediatorlar və mediasiya təşkilatları arasında imzalanan mülki müqavilənin nümunəvi forması hazırlanaraq, mediasiya təşkilatı rəhbərləri və mediatorlarla müzakirə edilərək qəbul edilib. Bu sahədə biz Dövlət Vergi Xidmətinin də zəruri dəstəyini almışıq. Fürsətdən istifadə edib, Dövlət Vergi Xidmətinin rəhbərliyinə bizə bu sahədə göstərilən dəstək üçün dərin təşəkkür edirik. M.Əhməd qeyd edib ki, ötən bir il müddətində yaranan təcrübə və proseslərə mərhələli keçid onu deməyə əsas verir ki, istər mediatorla mediasiya təşkilatları arasında, istərsə də mediasiya prosesində tərəf olan vətəndaşlar və hüquqi şəxslər ilə mediatorlar və mediasiya təşkilatları arasında, habelə baş verəcək digər maliyyə əməliyyatlarında yalnız nağdsız ödəmələrdən istifadə ediləcəkdir. Mediasiya Şurasının İdarə Heyətinin mövqeyi bu məsələ ilə bağlı qətidir və mediatorlara və mediasiya təşkilatlarına tövsiyə edirik ki, bütün fəaliyyətlərində nağdsız ödənişlərə keçidi tam bərpa etsinlər. Bununla bərabər diqqətinizə çatdırıram ki, bu ilin avqust ayında Mediasiya Şurasının İdarə Heyəti tərəfindən ümumi mediatorlar arasından sədr və iki üzvdən ibarət olan Mediasiya Şurasının Daxili Audit Komitəsi formalaşmışdır. Daxili Audit Komitəsi tərəfindən aparılacaq daxili audit tədbirləri nəticəsində müəyyən olunacaq istənilən nağd əməliyyatlar intizam pozuntusu kimi qiymətləndirilərək fakt üzrə intizam icraatı başlanılması üçün İdarə Heyətinə təqdimatla müraciət ediləcəkdir. Vətəndaş məmnunluğunu təmin etmək məqsədilə biz mediasiya təşkilatlarına elektron ödəmə sistemləri ilə müqavilələr imzalamağı, ölkənin istənilən nöqtəsində istər fiziki, istərsə də onlayn ödəmənin təmin olunması üçün resurslarını artırmağı tövsiyə etmişik və bu sahədə işlər aparılır. Eyni zamanda post-terminallardan istifadə sahəsində də mediasiya təşkilatlarına tövsiyələrimiz olub və əminəm ki, yaxın zamanlarda bütün mediasiya təşkilatları post terminallardan istifadəyə keçəcəklər. Bütün bunları deməkdə məqsədim ondan ibarətdir ki, Mediasiya Şurası şəffaf və açıq qurumdur, çünki bu qurum ictimai maraqlara xidmət edən ictimai təşkilat formasındadır. Məhz bu məqsədlə də biz ictimai şəffaflığı təmin etməyi və ona əməl etməyi qarşımıza məqsəd qoymuşuq”, – deyə M.Əhməd qeyd edib.

Mediation.az