Noyabrın 15-də UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyi, Ədliyyə Akademiyası, Mediasiya Şurası və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə mediatorlar üçün “Mediasiyada Uşaqlar: Uşaqların hüquqlarının qorunması, müdafiəsi, düzgün yanaşmanın istifadəsi və uşaqlara qarşı zorakılığın önlənməsi” üzrə maarifləndirici seminarlarınında iştirak etmiş mediatorlar sertifikatlarla təltif olunublar.
Mediation.az xəbər verir ki, Ədliyyə Akademiyasında keçirilən sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Ədliyyə Akademiyası prorektoru Elçin Xələfov və müxtəlif inzibati ərazilərdə fəaliyyət göstərən mediatorlar iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiya sahəsində olan yeniliklərdən və dəyişikliklərdən söz açıb. O bildirib ki, mediatorları maarifləndirmə və ya ixtisasartırma sahəsindəki islahatlar böyük önəm daşıyır və Mediasiya Şurası olaraq bu məsələ hər zaman diqqət mərkəzində qalmaqdadır. Sədr, həmçinin bu sahədə müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyatı dövlət orqanları ilə işlərin əlaqələndirilməsi üzrə bilik və bacarıqların artırılmalı olduğunu vurğulayıb.
Daha sonra Ədliyyə Akademiyası prorektoru Elçin Xələfov çıxış edərək Şura və mediatorlar tərəfindən maarifləndirici seminar və təlimlərə olan diqqət və maraqdan söz açıb.
Sonda mediatorlara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib.