“Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına təklif edilən dəyişikliyə əsasən, mediatorlar tərəfindən də sığorta haqlarının ödənilməsi nəzərdə tutulur.
Bunu Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Sosial sığorta haqqında” qanununa əsasən, sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10%-i miqdarında məcburi dövlət sosial sığorta haqqına cəlb olunurlar, “Tibbi sığorta haqqında” qanununa əsasən isə vergi uçotuna alınmış mediatorlar sığortalı qismində özləri çıxış edirlər. “Sözügedən qanuna uyğun olaraq mediatorlar üçün minimum aylıq əməkhaqqının 4%-i (10 manat) məbləğində icbari tibbi sığorta haqları müəyyən edilib”, – deyə N. Vahabzadə əlavə edib.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid ediləcək.
Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.
Riyazi hesablama dilində desək, sərbəst fəaliyyət göstərən mediator gəlirinin ümumilikdə 25% miqdarında vergi, mdss və icbari tibbi sığorta haqqı ödəyəcək.
Qeyd edək ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qeydiyyatına alınmış hüquqi şəxs mediasiya təşkilatı ola bilər. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir.
Mediasiya Şurasının üzvlüyünə qəbul edilmək üçün mediasiya təşkilatına olan tələblərdən biri də ən azı iki mediatorla əmək müqaviləsinin olmasıdır. Mediasiya təşkilatı – mediasiyanın inkişaf etdirilməsi, təkmilləşdirilməsi məqsədilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların effektiv fəaliyyətinə yönələn tədbirləri həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
Mediation.az