“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və eyni zamanda digər qanunvericilik aktlarında uşaqların hüquqları hər zaman ön plana çəkilir və uşaqların mənafelərinin qorunması zəruri hesab edilir. UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyi, Ədliyyə Akademiyası, Mediasiya Şurası və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi birlikdə mediatorlar üçün “Mediasiyada Uşaqlar: Uşaqların hüquqlarının qorunması, müdafiəsi, düzgün yanaşmanın istifadəsi və uşaqlara qarşı zorakılığın önlənməsi” üzrə maarifləndirici seminarlar təşkil etməyə başlayıb.

Mediation.az xəbər verir ki, seminarlarda ailə münaqişələrinin həlli prosesində uşaqların maraqlarının qorunmasında kompleks yanaşma, uşaq hüquqlarının müdafiəsi, uşaqlarla davranış, ünsiyyət bacarıqlarının artırılması yolları ilə zorakılığın aşkarlanması, bu sahədə müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyatı dövlət orqanları ilə işlərin əlaqələndirilməsi üzrə bilik və bacarıqların artırılması seminarların əsas mövzularından biridir.

Bu gün açılış mərasimi təşkil olunan silsilə seminarlarda Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, UNİCEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyinin “Uşaq müdafiəsi” proqramının rəhbəri Vüqar Salmanov açılış və salamlama nitqi ilə çıxış edərək proqramın mahiyyəti, mediasiya proseslərinin tətbiqi zamanı uşaqların hüquq və mənafelərinin qorunması sahəsindəki önəmi barədə qeydlər ediblər.

Qeyd edilib ki, maarifləndirici seminarlar silsilə olaraq bundan sonra da davam edəcək.

Seminar iştirakçıları mediasiyaya müraciət edən ailələrdə münaqişənin səviyyəsini ölçə bilmək bacarıqlarına yiyələnməklə, valideynlərlə yanaşı uşaqların vəziyyətini qiymətləndirmək və onların maarifləndirilməsi, sosial-psixoloji reabilitasiya məqsədilə yönləndirmə prosesini həyata keçirmək üsulları ilə tanış olacaqlar.

Seminarlar mediatorlar və eyni zamanda mediasiya təşkilatları əməkdaşları üçün ödənişsiz təşkil olunur və kursları uğurla bitirənlərə müvafiq sertifikatlar veriləcək.

Mediation.az