Bu gün Mediasiya Şurası İdarə Heyəti və mediasiya təşkilatlarının rəhbərləri arasında növbəti görüş keçirilib.

Mediation.az xəbər verir ki, görüşdə mediasiya təşkilatlarının fəaliyyəti ilə bağlı təcrübənin öyrənilərək təhlil edilməsi, mediasiya təşkilatlarının mediatorlarla münasibətlərininin hüquqi və şəffaf qaydalar əsasında tənzimlənməsi məsələləri, təcrübədə qarşıya çıxan çətinliklərin araşdırılması və həlli yolları nəzərdən keçirilib.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov mediasiya təşkilatların əmək və mülki müqavilələr üzrə mediatorlarla bağladıqları müqavilələrin önəmini qeyd edərək bildirib ki, təcrübədən əldə edilən nəticələrə, mediatorların çoxsaylı müraciətlərinə əsasən mediasiya təşkilatları və mediatorlar arasında vahid mülki müqavilənin tətbiqinə ciddi zərurət var.

N. Adilov qeyd edib ki, hazırlanmış mülki müqavilənin vahid formasında bütün münasibətlər tam aydınlığı ilə nəzərə alınıb. Onun sözlərinə görə, mediatorlarla imzalanacaq müqavilələrdə bütün müqavilə predmetləri aydın, açıq və şəffaf formada qeyd edilməli və müqavilələr mediatorların peşəkar inkişafı üçün stimul rolunu oynamalıdır.

Ölkə üzrə mediasiya təşkilatları və mediatorlarla imzalanması nəzərdə tutulan vahid müqavilə formasının layihəsi təşkilat rəhbərləri ilə geniş müzakirə edilib, bütün təklif və rəylər nəzərə alınıb.

Təkliflərin ümumiləşdirilərək vahid müqavilə formasına salınması məqsədilə müqavilə layihəsinin üzərində işlərin aparılması Mediasiya Şurasının İntizam Komissiyasının üzvü Mayıl Əhmədə həvalə edilib.

Görüş mediasiya proseslərində keyfiyyətin artırılması və mediasiya praktikasının təkmilləşdirilməsi üzrə təkliflərlə davam edib.

Mediation.az