İyulun 4-də Avropa Şurası və beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunvericilik və siyasətlərdə boşluqlarının təhlilinin müzakirəsi üçün dəyirmi masa keçirilib.
Mediation.az xəbər verir ki, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, bir sıra dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən sessiyada Mediasiya Şurasının İdarə Heyətinin üzvləri Əli Nəbiyev və Sima Yaqubova iştirak edib.
Sessiya zamanı layihə çərçivəsində İstanbul Konvensiyasına və digər beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunverici və siyasi çərçivələrin boşluqlarının təhlili aparılıb. Bu təhlil məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planının “Azərbaycanda həyata keçirilən məişət zorakılığının qarşısının alınması tədbirlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaq” əsas məqsədi ilə uyğun hesab edilib.
Qeyd edək ki, İstanbul Konvensiyasına və digər beynəlxalq standartlara uyğun olaraq, Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunverici və siyası çərçivələrin boşluqlarının təhlilinin müzakirəsində dəyirmi masanın əsas məqsədləri Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunverici və siyasi çərçivələrin boşluqlarının və problemlərinin təhlili nəticələrini təqdim etmək; Yerli çərçivələri bu sahədə beynəlxalq standartlara daha yaxşı uyğunlaşdırmaq üçün əsas tövsiyələr irəli sürmək; Tövsiyələrin müvafiq orqanlar tərəfindən baxılması və mümkün tətbiqi üçün müzakirələr aparmaq hesab olunur.
Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev sessiya zamanı Mediasiya Şurası tərəfindən görülmüş işlər, məişət zorakılığına məruz qalan ailələrlə işin təşkili və ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə geniş çıxış edib.
O, çıxışı zamanı bildirib ki, ailə mübahisələrinin həllində ixtisaslaşmış mediatorlar mühüm rol oynayır.