“Mediasiya Şurasının bütün fəaliyyəti audit ediləcək”.
Mediation.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.
Sədr bildirib ki, ölkəmizdə aparılan mediasiya islahatları artıq öz müsbət bəhrəsini verməkdədir. Belə ki, vətəndaşlarda və hüquqi şəxslərdə öz problemlərini mediasiya yolu ilə həll etmək sahəsində çox yüksək mədəniyyət formalaşır: “Eyni zamanda mediasiyada olan tərəflər mediasiyanın faydalarını hiss edirlər. Çox qısa vaxt ərzindəki fəaliyyətimizə baxmayaraq, barışıq sazişlərinin artımında sıfır nöqtəsindən inkişaf nöqtəsinə doğru hər gün irəliləyiş var. Biz meydana çıxan nöqsan və problemlərə də açıq bir qurumuq və bütün problemlərin vaxtında üzərinə düşməklə, ölkədə aparılan islahatlara sədaqətimizi işimizin keyfiyyətinin hər gün artan temp üzrə inkişafına nail olmaqla, problemləri anında həll etməklə ifadə edirik”.
Onun sözlərinə görə Mediasiya Şurasının İdarə Heyətinin təşəbbüsü ilə Şura fəaliyyətə başladığı dövrdən bu günədək olan fəaliyyəti ABAK-Az Crowe Ltd şirkəti tərəfindən kompleks audit edilməsi barəsində razılığa gəlinib: “Bizim İdarə Heyətindəki müzakirələrimiz və eyni zamanda Mediasiya Şurasının Daxili Audit Komitəsinin də mövqeyinin üst-üstə düşməsi bizi sevindirir. Bildiyiniz kimi Mediasiya Şurasında Daxili Audit Komitəsi fəaliyyət göstərir və qeyd edilən komitə Şura da daxil olmaqla, bütün mediasiya təşkilatları və mediatorların fəaliyyətlərini İdarə Heyətinin qərarı əsasında daxili audit etmək səlahiyyətindədir. Amma biz eyni zamanda, Mediasiya Şurasının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə kənar və nüfuzlu auditorların və nüfuzlu audit şirkətinin iştirakı ilə audit etməyə də qərar verdik. Nəticələrimizi də ictimaiyyətə açıq elan etmək məqsədindəyik. Bu sahədə ictimaiyyətə açıq məlumat verməklə, istər mediasiya təşkilatlarına, istərsə mediatorlara və istərsə də cəmiyyətə bu fəaliyyətimizi şəffaf əsaslarla elan edirik”.
N. Adilov qeyd edib ki, mediasiya proseslərinin məxfiliyini qorumaq şərti ilə, mediasiya islahatları geniş ictimai mahiyyət daşıdığından bu sahə cəmiyyət üçün açıq olmalıdır. Mediasiya islahatları sahəsində ictimai nəzarətin mediasiya proseslərinin məxfiliyi qorunmaq şərti ilə təmin olunması əsas məqsədlərimizdən biridir: “Mediasiya Şurasının fəaliyyətini audit edəcək şirkət – ABAK-Az CROWE Ltd. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq professional audit şirkətlərindən biridir. Yarandığı dövrdən etibarən biznesin inkişafına yardım etməklə bərabər, Crowe özünün audit və mühasibat xidmətləri portfelini genişləndirmiş və beləliklə, getdikcə mürəkkəbləşən işgüzar mühitin tələblərinə uyğunlaşmışdır. Croweun ciddi və peşəkar əməkdaşları yerlərdə və beynəlxalq miqyasda ayrı-ayrı şəxslərdən şirkətlərə, ticarət evlərindən böyük şirkətlər qrupuna, hökümətlərdən beynəlxalq qurumlara kimi geniş müştəri dairəsinin tələblərinə uyğun xidmətlər göstərir. ABAK-Az Crowe Ltd. Crowe Globalın üzvüdür. Beynəlxalq audit qurumları arasında 9-cu yeri tutan və dünyanın 130 ölkəsində təmsil olunan 200 müəssisənin əhatə olunduğu Crowe Globala üzv olmaq məsuliyyəti şirkətin mütəxəssislərini öz professional səviyyələrini daim yüksəltməyə ruhlandırır. “Crowe” Bakıda öz fəaliyyətinə 1997-ci ildə idarəetmə üzrə konsaltinq şirkəti kimi başlamışdır və 2003-cü ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür. “Crowe” Beynəlxalq Mühasibat Standartları, Beynəlxalq Audit Standartları və Azərbaycan Respublikasının müvafiq qanun və qaydaları üzrə daxili audit, müstəqil illik audit, dövri idarəetmə hesabları, Azərbaycan müəssisələrinin illik hesabatlarının Beynəlxalq Maliyyə Hesabat Standartları üzrə transformasiyası, ənənəvi və avtomatlaşdırılmış mühasibat xidmətləri, mühasibat sistemləri və daxili uçotun qurulmasının təhlili və tövsiyyələr, mühasibat proqramları üzrə tövsiyyələr vermək kimi xidmətlərin Azərbaycanda yerinə yetirilməsi üçün müvafiq icazəsi vardır”.