Mediasiya Şurasında Etika Komitəsi yaradılacaq.

Mediation.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.

Bildirilib ki, komitənin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Mediatorların peşəkar etik davranış qaydasının tətbiqinə nəzarəti gücləndirmək və eyni zamanda maraq konfiliktləri hallarının qarşısının alınmasıdır.

N.Adilovun sözlərinə görə, Nazirlər kabineti tərəfindən təsdiq edilmiş bu qaydalar mediatorların etik davranış qaydalarına nəzərət, monitorinq və qiymətləndirməni həyata keçirmək üçün çox vacib bir qərardır. Bu qayda “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və peşəkar əsasda mediasiya fəaliyyəti ilə məşğul olan şəxslərin etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Bu qaydanın məqsədi mediatorların və mediasiya təşkilatlarının nüfuzunun artırılması, vətəndaşların mediasiya təşkilatlarına və mediatorlara etimadının yüksəldilməsi, habelə mediatorların və mediasiya təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılmasının təmin olunmasıdır.

Onun sözlərinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu qayda mediator kimi fəaliyyət göstərən bütün şəxslərə şamil olunur. Qeyd edilən qaydanın tətbiqinə düzgün nəzarətin təmin edilməsi məqsədi ilə Mediasiya Şurası daxilində nümunəvi davranışları ilə fərqlənən, maraq konfilikti yaradan kateqoriyaya daxil olmayan mediatorların iştirakı ilə Etika Komitəsinin yaradılmasında əsas məqsəd qeyd edilən qaydanın bütün müddəlarının düzgün tətbiq edilməsi sahəsində fəaliyyəti gücləndirmək və müvafiq işləri görməkdir.

Nadir Adilov qeyd edib ki, Etika Komitəsi fəaliyyətində şəffaf olacaq və Mediasiya Şurasının İdarə Heyətinin qərarları ilə təsdiq ediləcək bütün qərarları, mediasiya proseslərinin məxfilik prinsipləri qorunmaqla cəmiyyət üçün açıq olacaq.

Onun sözlərinə görə, Etika Komitəsinin üzvlərinin seçilməsi məsələsi Mediasiya Şurası İdarə Heyətinin səlahiyyətində olacaq və İdarə Heyəti tərəfindən məsələyə yaxın zamanlarda baxılacaq.

Mediation.az