Mediasiya Şurasında Daxili Audit Komitəsinə sədr və üzvlər təyin edilib.

Mediation.az xəbər verir ki, Mediasiya Şuranın İdarə Heyətinin sədri Nadir Adilovun sözlərinə görə, Komitənin yaradılmasında əsas məqsəd qeyri-kommersiya statuslu və müstəqil peşə birliyi olan Mediasiya Şurasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi yolu ilə şəffaflığın təmin edilməsidir.

N. Adilovun sözlərinə görə, təklif edilən namizədlər arasından 3 nəfər Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə Mediasiya Şurasının Daxili Audit Komitəsinin üzvləri təyin edilib və eyni zamanda Şuranın İdarə Heyəti Daxili Audit Komitəsinin üzvlərinin rəyini nəzərə alaraq Daxili Audit Komitəsinin sədrini təsdiq etmişdir.
Daxili Audit Komitəsinin üzvləri qismində seçilən mediator Mayıl Əhməd, mediator Anar İsayev və mediator İlham Mehdiyevin iştirakı ilə keçirilən ilk iclasda Daxili Audit Komitəsinin üzvləri öz aralarından mediator Mayıl Əhmədin Daxili Audit Komitəsinin sədri vəzifəsinə təsdiq edilməsini İdarə Heyətinə təklif etmişlər. Beləliklə, Daxili Audit Komitəsinin sədri vəzifəsinə Mayıl Əli oğlu Əhməd, üzvləri Anar Sadiq oğlu İsayev və İlham Rəşid oğlu Mehdiyev olmaqla Komitənin ilkin tərkibi üç nəfərdən ibarət olaraq formalaşmışdır.

Gələcək fəaliyyətdən asılı olaraq Daxili Audit Komitəsinin tərkibinin Audit Komitəsinin üzvlərinin təklifi ilə genişləndirilə biləcəyinə toxunan N. Adilov həmçinin qeyd edib ki, Şuranın İdarə Heyəti Daxili Audit Komitəsinin əsasnaməsinin qısa müddətdə Komitə tərəfindən hazırlanaraq təsdiq edilmək üçün Şuranın İdarə Heyətinə təqdim edilməsi tapşırığı verilmişdir.

N. Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləğinin tətbiq edilməsi barədə” Qərarın mediatorlar və mediasiya təşkilatları tərəfindən şəffaf tətbiqinə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydası”nın düzgün icra edilməsinə nəzərət funksiyasını həyata keçirmək Daxili Audit Komitəsinin vəziflərindən biri olacaqdır.

“Son dövrlərdə keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində bir çox nailiyyətlərə imza atılıb. Sevindirici haldır ki, istər mediasiya təşkilatları, istərsə də mediatorlar qeyri-kommersiya fəaliyyəti olan bu peşə sahəsinin tələblərindən irəli gələn öhdəliklərini çox gözəl başa düşürlər. Bizim sıralarımızda artıq kifayət qədər professional mediatorlar var və uğurlu mediasiya təşkilatları fəaliyyət göstərir. Əlbəttə ki, təcrübə təkmilləşdikcə ortaya çıxan zəruri tələblər dövlətimizdə aparılan mütərəqqi islahatların çağırışlarına cavab vermək əsnasında inkişaf etdirilir” – Nadir Adilov bildirib.

İdarə Heyətinin sədri qeyd edib ki, mediasiya xərclərinin rəsmi, nağdsız formada mediasiya təşkilatlarının və ya mediatorların bank hesablarına daxil olması, xərclər barədə hesabatlılığın təmin edilməsi ölkəmizdə aparılan islahatlar çərçivəsində çox zəruridir. Bu məqsədlə də Daxili Audit Komitəsi mediatorlar və mediasiya təşkilatları arasında imzalanan vahid müqavilə formasının tətbiqinə də nəzarət edəcəkdir.

Eyni zamanda mediasiya təşkilatları və mediatorlar arasında münasibətləri tənzimləyən mülki müqavilənin vahid formasının tətbiqindən sonra da mediasiya təşkilatları və mediatorlar arasında maliyyə ödənişləri üzrə qarşılıqlı maliyyə məsələlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi əsas prioritetlərdəndir. Öncədən qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydası”nın düzgün icra edilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi əsas prioritet olduğundan Daxili Audit Komitəsi tərəfindən bu məsələlərə ciddi nəzarət ediləcək. Mediatorların, mediasiya təşkilatlarının Mediasiya Şurasına aylıq üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi, habelə gələcəkdə mediasiya təşkilatlarının korporativ və mediasiya xidməti göstərilməsi barədə müqavilələrindən irəli gələn maliyyə öhdəliklərinin də düzgün icrası, mediasiya təşkilatlarının, mediatorların dövlət büdcəsinə ödəlikləri vergilər, sosial sığorta haqları və eyni zamanda digər ödənişlərin intizamlı qaydada və davamlı ödənilməsinin təmin edilməsinə nəzarət də Komitənin əsas işlərindən biri olacaq”.

Nadir Adilov qeyd edib ki, Daxili Audit Komitəsi Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə formalaşmaqla üzvləri təyin edildikdən sonra Komitənin əsasnaməsi də təsdiq ediləcəkdir. Belə ki, Mediasiya Şurasının Nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən qurumun vəzifələrindən biri “mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək”dir. Nizmanamənin 3.1.6-cı bəndinə əsasən Mediasiya Şurasının yuxarıda qeyd olunan vəzifəni həyata keçirmək üçün “mediasiya xidmətləri və mediasiya təlimlərinin keyfiyyəti üzərində nəzarətin həyata keçirilməsi üçün mediator, mediasiya təşkilatı və mediasiya təlimi qurumu tərəfindən müəyyən hesabatlılıq və digər nəzarət mexanizmləri yaratmaq” hüququ var.

Daxili Audit Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri mediasiya təşkilatlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, Mediasiya Şurasının İdarə Heyətinin qərarı əsasında mediasiya təşkilatlarında monitorinqlərin aparılması olacaq.

Mediation.az