Mediasiya Şurasında Daxili Audit Komitəsi yaradılacaq.

Mediation.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun verdiyi məlumata görə, Komitənin yaradılmasında əsas məqsəd qeyri-kommersiya statuslu peşə birliyi olan Mediasiya Şurasında beynəlxalq təcrübəyə əsaslanan təcrübənin tətbiq edilməsi yolu ilə şəffaflığın təmin edilməsidir.

“Artıq ölkəmizdə mediasiya praktikası, demək olar ki, hər gün təkmilləşir və istər mediasiya təşkilatlarının, istərsə də mediatorların mediasiya xidmətlərinin göstərilməsi sahəsində bilik və bacarıqları atrır. Mediasiya Şurasının idarəetmə sahəsindəki inzibatçılığı da formalaşıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin tətbiq edilməsi barədə Qərarın mediatorlar və mediasiya təşkilatları tərəfindən şəffaf tətbiqinə nəzərəti həyata keçirmək Daxili Audit Komitəsinin əsas vəziflərindən biri olacaq”, – deyə o qeyd edib.

N.Adilov bildirib son dövrlərdə keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi sahəsində bir çox nailiyyətlərə imza atılıb: “Sevindirici haldır ki, istər mediasiya təşkilatları, istərsə də mediatorlar qeyri-kommersiya fəaliyyəti olan bu peşə sahəsinin tələblərindən irəli gələn öhdəliklərini çox gözəl başa düşürlər. Bizim sıralarımızda artıq kifayət qədər professional və uğurlu mediasiya təşkilatları və mediatorlar var. Əlbəttə ki, təcrübə təkmilləşdikcə ortaya çıxan zəruri tələblər dövlətimizdə aparılan mütərəqqi islahatların çağırışlarına cavab vermək əsnasında inkişaf etdirilir”.

İdarə Heyətinin sədri deyib ki, mediasiya xərclərinin rəsmi, nağdsız formada mediasiya təşkilatlarının və ya mediatorların bank hesabalarına daxil olması, xərclər barədə hesabatlılığın təmin edilməsi ölkəmizdə aparılan islahatlar çərçivəsində çox zəruridir. Eyni zamanda, mediasiya təşkilatları və mediatorlar arasında münasibətləri tənzimləyən mülki müqavilənin vahid formasının tətbiqindən sonra da, mediasiya təşkialtları və mediatorlar arasında maliyyə ödənişləri üzrə məsələlərin qanunvericliyin tələblərinə uyğun tənzimlənməsi əsas prioritetlərdəndir: “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydası”nın düzgün icra edilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi də əsas prioritetlərdən biridir və Komitə tərəfindən bu məsələlərə ciddi nəzarət ediləcək. Mediatorların, mediasiya təşkilatlarının Mediasiya Şurasına aylıq üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi, habelə gələcəkdə mediasiya təşkilatlarının korporativ və mediasiya xidməti göstərilməsi barədə müqavilələrindən irəli gələn maliyyə öhdəliklərinin də düzgün icrası, mediasiya təşkilatlarının, mediatorların dövlət büdcəsinə ödəlikləri vergilər, sosial sığorta haqları və eyni zamanda digər ödənişlərin intizamlı qaydada və davamlı ödənilməsinin təmin edilməsinə nəzarət də Komitənin əsas işlərindən biri olacaq”.

N.Adilov qeyd edib ki, Daxili Audit Komitəsi Mediasiya Şurasının İdarə Heyətinin qərarı ilə formalaşdırlacaq və Komitə üzvləri təyin edildikdən sonra əsasnaməsi hazırlanaraq qəbul ediləcək: “Mediasiya Şurasının Nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən qurumun vəzifələrindən biri “mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirmək”dir. Nizmanamənin 3.1.6-cı bəndinə əsasən Mediasiya Şurasının yuxarıda qeyd olunan vəzifəni həyata keçirmək üçün “mediasiya xidmətləri və mediasiya təlimlərinin keyfiyyəti üzərində nəzarətin həyata keçirilməsi üçün mediator, mediasiya təşkilatı və mediasiya təlimi qurumu tərəfindən müəyyən hesabatlılıq və digər nəzarət mexanizmləri yaratmaq” hüququ var. Daxili Audit Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də mediasiya təşkilatlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, Mediasiya Şurasının İdarə Heyətinin qərarı əsasında mediasiya təşkilatlarında monitorinqlərin aparılması olacaq. Şurada idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Korporativ Sosial Məsuliyyət Komitəsinin də yaradılması nəzərdə tutulur ki, o, mediatorların maraqlarının qorunmasında, onların sosial qayğılarının həll olunmasında mühüm rol oynayacaq”.

Mediation.az