Mediasiya Şurası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Azərbaycanda mediasiya islahatları və bu islahatlarda tələbələrin rolu” mövzusunda universitetin müəllim heyəti və fakültə tələbələri ilə görüş keçirilib.

Mediation.az xəbər verir ki, görüşdə Universitetin İnzibati və Təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov, Mediasiya Şurasının İxtisas Komissiyasının üzvü Alidə Mahmudova, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, dekan müavinləri, “Maliyyə və mühasibat” və “Türk Dünyası İşletme Fakultesi”nin tələbələri və mediasiya şurasının əməkdaşları iştirak edib.

Ş.Əsgərov açılış nitqi ilə çıxış edərək auditoriyaya görüşün mövzusu haqqında məlumat verib. Gənclərin ölkədə aparılan mediasiya islahatları barədə məlumatlı olmalarının vacibliyini diqqətə çatdırıb.

A.Mahmudova çıxışı zamanı mediasiya institutu haqqında ümumi məlumat verərək, mübahisənin mahiyyəti və onların səbəbləri, mübahisələrin alternativ həlli üsulu kimi mediasiya prosesinin əhəmiyyətini və üstünlükləri vurğulayıb.

O, qeyd edib ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanınn məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərin irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə daxildir.

M.Əhməd çıxışı zamanı toplantı iştirakçılarına mediasiya institutunun Azərbaycan hüquq sisteminə gətirilməsinin dövlətin bu sahədə apardığı uğurlu məhkəmə-hüquq islahatlarının ən vacib elementlərindən biri olduğunu, qeyd edilən qanunun 2019-cu il tarixdən qəbul edildiyini və 2021-ci il iyul ayının 26-dan tətbiq edilməyə başladığı gündən hal-hazıradək görülən işlər, mediasiyanın ölkədə inkişaf perspektivləri və Azərbaycanda mediasiyanın tətbiqi ilə bağlı ətraflı məlumat verib.

Daha sonra mövzu ilə əlaqədar tələbələrin və müəllim kollektivinin maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mediation.az