Mediasiya Şurası Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının dəvətilə sosial iş ixtisasında təhsil alan tələbələrlə görüş keçirib.

Mediation.az xəbər verir ki, görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, 20 saylı vəkil bürosunun müdiri, Mediasiya Şurasıın işçi qrup rəhbəri və Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyev, həmçinin Mediasiya Şurasının əməkdaşları iştirak ediblər.

Mediasiya Şurası İdarə Heyətinin sədri Mediasiya Şurasının fəaliyyəti barəsində məlumat xarakterli çıxış edib, Mediasiya Şurası ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq qurulmasından, mediasiyanın inkişafının perpektivindən, sosial iş ixtisasında təhsil alan tələbələrin könüllü kimi fəaliyyətinin zəruriliyi, eləcə də onların gələcəkdə mediasiya qurumlarında çalışmaq imkanları istiqamətində tələbələrə geniş məlumat verib.

Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova hüquqi mübahisələrin məhkəməyə qədər həll yolu olan mediasiya xidmətindən istifadə ilə bağlı, mediasiyanın təbliği və təşviqi ilə bağlı düşüncələrini bölüşərək sosial işçilərin mediasiya qurumlarına verə biləcək töhfələrdən, mediasiya sistemində iş mexanizmi, sosial işçilərin bu sistemdə üzərinə düşən vəzifələrdən geniş bəhs edib.

Görüş daha sonra interaktiv müzakirələr formasında davam edib. İştirakçılar tərəfindən tələbələrin sualları cavablandırılıb.

Sonda tələbələrə müxtəlif kitablar hədiyyə edilib.

Mediation.az