Azərbaycanda mediasiyanın tətbiqindən altı ay keçir. Məhkəmə sistemində islahatların bir hissəsi kimi dəyərləndirilən bu yeni mexanizm necə işləyir?

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun fikrincə, ilk vaxtlarda mediasiyaya yönləndirilən vətəndaşlar bu prosesi məhkəməyə getmək üçün “arayış verən” qurum kimi görürdülərsə, getdikcə, bu anlayış dəyişməyə başlayıb.

Vəkil Emin İsayevin müşahidələrinə görə, mediasiyada tərəflər arasında bağlanmış müqavilənin məcburi icra mexanizmi olmadığından, tərəflərdən biri razılaşmanı icra etməkdən boyun qaçırdığı təqdirdə, iş yenə məhkəmənin ümidinə qalır.

Mediator Fərhad Mehdyev hesab edir ki, mediasiyaya müraciət etməklə vətəndaş əlavə maliyyə yükündən və vaxt itkisindən azad olur.

“Mediasiyaya arayış alma mərhələsi kimi baxırdılar”

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov 6 aydır ki, icra olunan mediasiyanı uğurlu sayır və onun fikrincə, yeni mexanizm məhkəmələrin iş yükünün azalmasına təsir edib.

O deyib ki, ölkə üzrə 226 nəfər aktiv fəaliyyət göstərən mediator var, onların əksəriyyəti Bakı və Sumqayıt şəhərlərindədir və regionlarda da bu mexanizmin tətbiqinə çalışılır.

Cənab Adilovun sözlərinə görə, mediasiyanın tətbiqindən bu yana bəzi problemlərlərlə də qarşılaşıblar və ən ciddi məsələ mediasiya anlayışının ölkə üçün yeni olması olub.

“İlk təcrübə çətin oldu, amma uğurlarımız da var. İlk vaxtlar insanlar elə başa düşürdülər ki, mediasiya məhkəməyə getmək üçün bir arayış almaq mərhələsidir. Onlar bəzən işi məhkəməyə aparmaq üçün arayış tələb edirdilər. Sonradan isə ümumi mediasiyaya yönələn işlərin 30 faizi barışıqla nəticələnib, məhkəməyə getməyib,” – Nadir Adilov deyib.

Mediasiya tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq əsasında həll prosesidir. Azərbaycanda bu mexanizm ötən ilin iyulundan tətbiq edilməyə başlayıb.

“Aliment üçün tələb edilən məbləği rüsum kimi ödəməli olursan”

Vəkil Emin İsayev mediasiyaya müraciət zamanı iddiaçının üzləşdiyi bəzi problemələrdən danışıb:

“Məsələn, ölkədə aliment minimum əmək haqqına görə hesablanır. Hər dəfə ölkədə minimum əmək haqqı artırıldıqda, boşanan tərəflərdən biri alimentin artırılması üçün əvvəllər birbaşa məhkəməyə müraciət edib artıma nail olurdu. İndi isə alimentin artırılması üçün əvvəlcə mediasiyaya müraciət olunmalıdır. Bu zaman isə mediasiyada təşkilatdan asılı olaraq, xidmət haqqı kimi 50-60 manat məcburi ödəniş edilməlidir. Müraciət edən şəxs bu pulu ödədikdə elə alimentin artırılmasını istədiyi məbləği mediasiyaya ödəmiş olur. Onda bu adam nə əldə etmiş oldu?” – vəkil Emin İsayev deyib.

Onun sözlərinə görə, bu kimi hallar mediasiya haqqında qanunda nəzərə alınmayıb.

Mediasiya müraciətlərində rüsumlar mühabisənin növündən asılı olaraq, müxtəlifdir, məbləğ 20-400 manat civarında dəyişir.

“…işlərin 70-80 faizi sonradan məhkəməyə gedir”

Emin İsayev bildirib ki, mediatora gələn işlər əksər hallarda sonradan məhkəməyə getməli olur və hər iki instansiyada rüsumlar vətəndaşın və vəkilin üzərinə əlavə maliyyə yükü gətirir.

“Vətəndaş hesablayır ki, məhkəməyə gedəcək, rüsumlara filan qədər çıxacaq. İndi onun üstünə mediasiya xərcləri də gəlir. Üstəlik, məhkəmə rüsumları da artıb. Bunları qarşılamaq üçün ya vəkil məcbur qalıb öz xidmət haqqından güzəştə gedir, ya da vətəndaşın məhkəməyə ödəyəcəyi rüsumun üstünə əlavə mediasiyaya ödədiyi rüsum da gəlir,”- vəkil Emin İsayev deyib.

Hüquqşunas deyir ki, bəzən vətəndaş öz mübahisəsinə mediasiyada cavab tapır, qarşı tərəflə barışır və ya razılaşır.

Amma o öz təcrübəsinə istinadən vurğulayır ki, onda olan müraciətlərin 70-80 faizi mediasiyada həll oluna bilmədiyi üçün məhkəməyə yönləndirilir.

Vəkil deyir ki, mediasiyada problemli məsələlərdən biri də mediasiyaya müraciətin məcburi, amma mediasiya prosesesindən sonra əldə olunan sazişin icrasının məcburi olmamasıdır.

Emin İsayevin sözlərinə görə, mediasiya müqaviləsini tərəflərdən biri icra etmədiyi təqdirdə, mübahisəyə məhkəmədə baxmaq zərurəti yaranır. Çünki sazişin məcburi icra mexanizmi yoxdur.

Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə ötən ilin iyulundan tətbiq olunur.

“Aztəminatlılar üçün 500 min manat mediasiya xərci”

Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova deyib ki, alimentin artırılmasına dair mübahisə varsa, hökmən ilkin mediasiya sessiyasından keçməlidir.

“İlkin mediasiya sessiyasının məbləği 50 manatdır, yəni, tərəflər razılığa gələrlərsə və mübahisə aradan qalxdığı üçün məhkəməyə getməyəcəklər, tərəflər arasında saziş bağlanacaq. Razılıq olmursa, onlar məhkəməyə gedir və bu zaman iddiaçı tərəf ilkin mediasiya sessiyasının pulunu ödəyir. Məhkəmədə isə iddiaçı aliment rüsumu üzrə dövlət rüsumundan azaddır,” – Sima Yaqubova deyib.

Sima Yaqubova onu da deyib ki, Nazirlər Kabinetinin qərarına görə, aztəminatlı şəxslərin mediasiya xərclərinin dövlət hesabına ödənilməsi də nəzərdə tutulub.

“Aztəminatlı şəsxlərdə ilkin mediasiyanın xərci, əgər hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak edərsə, rüsum dövlət hesabına ödənilir. Aztəminatlı ailələrin mediasiya xərclərinin ödənilməsi üçün dövlət tərəfindən 500 min manat ayrılıb. Hazırda biz bir neçə dövlət orqanı ilə bu şəxslərin əhatə dairəsini müəyyən edirik ki, bu xərclər onlara da aid edilsin,” – Sima Yaqubova deyib.

Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs mediator adlanır.

“Məhkəmə islahatlarının tərkib hissəsi…”

Mediator kimi fəaliyyət göstərən hüquqşünas Fərhad Mehdiyev deyib ki, mediasiya tətbiq olunan ilk vaxtlarda dövlət qurumları çağırışlara gəlmirdilərsə, indi “onların nümayəndələrinin prosesə gəlməsi halları artır”.

“Düzü, mediasiyada razılaşırlarmı?! Çox da razılaşmırlar, amma iştirakçılıq artıb. Məsələn, bir sahibkarın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə mübahisəsi vardı və nazirliyin nümayəndəsi gəldi, dinlədi, əslində müəyyən qədər vətəndaşa kömək də etdi,” – Fərhad Mehdiyev deyib.

“Bəzən “dava-qırğınsız” boşanmağa kömək etmək olur”

Azərbaycanda qüvvədə olan qanuna görə, əmək, ailə, kommersiya mübahisələrinin həllinə məcburi qaydada məhkəmədən əvvəl mediasiya yolu ilə cəhd edilməlidir.

Cənab Mehdiyev deyir ki, mediator kimi daha çox ailə münaqişələri ilə bağlı mübahisələri araşdırıb.

O hesab edir ki, ailə münaqişələrində mediatorların işi heç də həmişə tərəfləri barışdırmaq mənasına gəlmir, bəzən “dava-qırğınsız” boşanmağa da kömək etmək olur.

“Mənim təcrübəmdə indiyədək 47 iş olub və bu işlərin təxminən 9-da barışıq sazişinə nail olmuşam. Bu işlərin çoxu ailə mübahisələri olub. Ailə mübahisələri də elə işlərdir ki, hətta məhkəmə də olsa belə, tərəflər arasında gərginlik bitmir. Tərəflərin biri o birinə uşağı göstərmir, biri alimenti ödəmir. Mediasiyada bununla bağlı razılıq əldə olunanda, bu kimi problemlər qalmır,” – Fərhad Mehdiyev deyib.

Rəsmi məlumata görə, 2021-ci ilin dekabrına kimi Azərbaycanda Mediasiya Şurasına 9 mindən çox müraciət daxil olub ki, onların da 8 mindən çoxu ailə mübahisələri ilə bağlı olub.

Cənab Mehdiyev mediasiya prosesinin əlavə maddi yük yaratması iddiaları ilə razılaşmır və deyir ki, razılaşmanın əldə olunması və buna 50-100 manatın xərclənməsi tərəfləri böyük mənəvi yükdən və vaxt itkisindən xilas edir.

Mediasiya prosesinin Azərbaycanda tətbiqi Avropa İttifaqının texniki dəstək layihəsi çərçivəsində olub və Avropa İttifaqı ölkədə mediasiyanın tətbiqini məhkəmə islahatlarının bir elementi kimi görür.

Fərhad Mehdiyev ümid edir ki, bu sahədə inkişafa “yavaş-yavaş nail olunacaq”.

Mənbə: BBC Azərbaycanca

Mediaiton.az