“Statistikaya baxsaq, görərik ki, boşanmaların sayı çoxalıb. Bəzi hallarda ailənin dağılması üçün ciddi əsas olmur. Mediasiya prosesində mediator tərəflərin hər ikisinə ailənin bərpası üçün onların maraqlarını üzə çıxarır, onlara bir növ təsvir verir ki, sadə bir səbəbdən ötəri əsəbiləşib məhkəməyə müraciət etmək istəyirlər, yoxsa, bunun dərin səbəbləri var”.

Mediation.az xəbər verir ki, bunu yenisabah.az saytına müsahibəsində Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova deyib.

Onun sözlərinə görə, bir çox halda boşanma üçün dərin səbəblərin olmadığı görünür: “Bu hallarda mediasiya kömək edir ki, nikah pozulmasın, ailə dağılmasın. Konstitusiyamıza görə də ailə dövlətin himayəsindədir. Amma elə məqamlar olur ki, məsələn zorakılıq, aqressiya varsa cütlüklərin bir yerdə yaşaması yolverilməzdir”.

S.Yaqubova mediasiyanın barışdırıcı rolu barədə danışarkən bildirib ki, qısa müddətdə bu sahədə müsbət nəticələr əldə edilib.

“Bu gün Azərbaycanda 241 mediator fəaliyyət göstərir. Statistikaya nəzər salanda barışıqların sayı ümumi fonda bizi hələ ki, qane etməsə də, çoxsaylı barışıqlar var. Təkcə ailə deyil, əmək, kommersiya mübahisələri üzrə də yaxşı nəticələr var. Düşünürəm ki, 1-2 ilə daha pozitiv nəticələr əldə edəcəyik”, – deyə o qeyd edib.

Mediation.az