“Bu gün yəqin ki, hər kəsi maraqlandıran suallardan biri də odur ki, Mediasiya Şurası üzərinə qoyulan öhdəlikləri nə dərəcədə yerinə yetirə bilir? Biz məhkəmələrin iş yükünü azalda bilirikmi? Son statistikaya nəzər salsaq, deyə bilərəm ki, bu sahədə ciddi irəliləyiş əldə etmişik”.

Mediation.az-ın məlumatına görə bu sözləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problem və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, bu il ümumilikdə 475 mübahisə məhkəməyə getmədən mediasiya yolu ilə həll olunub: “Barışıq sazişi ilə yekunlaşan mediasiya proseslərindən 330-u ailə, 83-ü kommersiya, 62-si isə əmək mübahisəsi üzrə olub. Bunlar çox ciddi rəqəmlərdir. Əgər əvvəl mediasiyaya müraciət edən şəxslər buna bir arayış almaq mərhələsi kimi baxırdılarsa, artıq mediasiyaya nəticə yönümlü bir fəaliyyət kimi baxırlar”.

N.Adilov hazırda ölkə üzrə 241 mediatorun fəaliyyət göstərdiyini deyib: “Onlardan 143-ü Bakı, Sumqayıt və Abşeronda, 5-i Naxçıvan Muxtar Respublikasında, 69-u isə digər şəhər və rayonlarda çalışır. 2021-ci ildə mediatorlar tərəfindən təqribən 12 min mübahisəyə baxılıb. Bu il isə mübahisələrin mediasiya yolu ilə həlli üzrə 7585 müraciət daxil olub. Onlardan 6551-i ailə mübahisələrinin payına düşür. Kommersiya mübahisələrinin sayı 737, əmək mübahisələrinin sayı isə 293 olub”.

Mediation.az