Mediation.az saytı Mediasiya Şurasına istinadən xəbər verir ki, 23 sentyabr, 2021-ci il tarixdə 250-dək mediatoru birləşdirən Mediasiya Şuradının videokonfrans formatında geniş iclası keçirilmişdir.

Mediasiya institutunun faktiki olaraq fəaliyyət göstərdiyi 2 ayadək müddət ərzində bu sahədə mühüm təşkilati tədbirlərin həyata keçirildiyi, mediasiyanın tətbiqi ilə bağlı 4000-dən çox müraciətə baxıldığı vurğulanmışdır.

İclasda həmçinin Şuranın ilkin fəaliyyət nəticəsi müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmələrin iş yükünün azaldılmasında mühüm rolu olan mediasiyanın ilkin təcrübəsinin öyrənilməsi və bu institutun səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən Mediasiya Şurası və digər aidiyyəti qurumlarla birgə məhkəmələrdə monitorinqlərin keçirilməsi təşkil olunmuşdur.

Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar, o cümlədən işlərin bölüşdürülməsi qaydasında qüsurlar, bu sahədə müstəsna əhəmiyyəti olan «Mediasiya.org» portalının funksionallığının artırılması ehtiyacı və s. aşkar edilmişdir. 

Tədbirdə həmin hallar diqqətə çatdırılmış, onların aradan qaldırılması üçün tədbirlər müəyyən edilmiş, o cümlədən Qaynar Xəttin yaradılmasının zəruriliyi bildirilmişdir.

Çıxış edən mediatorlar mediasiya fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, o cümlədən tərəflər arasında münaqişələrin azaldılması və mübahisələrin onları razı salacaq şəkildə həlli üçün mediatorların üzərinə düşən vəzifələri qeyd etmiş, görülən tədbirlərin yeni qurulan mediasiya fəaliyyətinin səmərəliliyinə töhfə verəcəyinə əmin olduqlarını ifadə etmişlər. 

Mediation.az