“Biz pozuntulara göz yuman təşkilat deyilik. Pozuntuya yol verən mediatorlar barədə hər dəfə ciddi ölçü götürülür və bundan sonra da götürüləcək”.

Mediation.az xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, indiyədək 60 mediator barəsində intizam icraatı aparılıb: “Aparılan intizam araşdırması nəticəsində İntizam Komissiyası tərəfindən təqdim edilmiş rəylər əsasında Mediasiya Şurasının İdarə Heyəti tərəfindən 8 mediator fəaliyyəti 6 ay müddətinə, 1 mediatorun fəaliyyəti isə 3 ay müddətinə dayandırılıb. Bundan başqa, 14 mediatora töhmət verilib, 6 mediatora isə xəbərdarlıq edilib”.

Sədrin sözlərinə görə, 30 mediatorun hərəkətlərində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması faktı aşkar edilmədiyindən barələrində aparılan intizam icraatına xitam verilib: “1 mediator barəsində araşdırma davam edir”.

Mediation.az