“Ər-arvadı şəxsi münasibətlərdə barışdırma, yəni boşanma niyyətindən daşındırma məhkəmələrə və qeydiyyat orqanlarına verilən səlahiyyətlərdə nəzərdə tutulub”.

Mediation.az-ın məlumatına görə, bunu Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov bildirib.

Onun sözlərinə görə, Ailə Məcəlləsinə əsasən, nikahın məhkəmədə və ya qeydiyyat orqanında pozulması ər-arvadın bu barədə ərizə verdiyi gündən 1 aydan tez olmayaraq həyata keçirilir: “Bu müddətin məqsədi ər-arvadın şəxsi münasibətlərdə barışdırılmasına nail olmaqdır. O cümlədən, ər-arvaddan birinin nikahın pozulmasına razılığı olmadıqda, məhkəmə onların barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər”.

Hakim qeyd edib ki, əgər mediasiya institutunun yaradılmasında məqsəd ər-arvadı barışdırmaq olsaydı, qeydiyyat orqanına müraciətdən əvvəl də ilkin mediasiya sessiyasında iştirak tələb olunardı: “Çünki nikah yalnız məhkəmədə deyil, həm də qeydiyyat orqanında pozulur. Məhkəmədən öncə ilkin mediasiya sessiyasında iştirak ona görə məcburi elan edilib ki, qeydiyyat orqanından fərqli olaraq məhkəmə nikahı pozarkən həm də maddi-hüquqi mübahisələri həll edir. “Mediasiya haqqında” Qanunun 26.1.1-ci maddəsində “nikahın davam etdirilməsi şərtləri” deyiləndə şəxsi münasibətlərə aid olan şərtlər deyil, maddi-hüquqi mübahisələrə aid olan şərtlər nəzərdə tutulur, hansılar ki, nikahın davam etdirilməsinə mane olur, qanun isə ər-arvada bu şərtlərə dair saziş bağlamaq hüququ müəyyən edir.

Dünyada ən çox boşanma Lüksemburqda (87 faiz), ən az boşanma isə Hindistandadır (1 faiz). Bu fərq Lüksemburqda mediasiya institutunun zəif, Hindistanda isə güclü olması ilə bağlı deyil”.

Mediation.az