Mediasiya Şurası İdarə Heyətinin üzvü və İntizam Komissiyasının sədri Sima Yaqubova “Həftə içi”nə müsahibə verib:

– Əvvəlcə bizə mediasiya haqqında məlumat verməyinizi xahiş edirəm. Mediasiya nədir?

– Mediasiya mediatorun vasitəçiliyi ilə mübahisəli tərəflər arasında münaqişə səviyyəsinin azaldılmasına və ya onların hüquqi müstəvidə, həmçinin faktiki münasibətlərində barışığın əldə edilməsinə, mübahisənin qarşılıqlı razılıqla bitməsinə yönələn, məhkəməyə qədər həyata keçirilən bir prosesdir.

“Mediasiya haqqında” Qanun 2019-cu il tarixdə qəbul edildi və 2021-ci ilin iyul ayının 26-dan tətbiq edilməyə başladı. Qeyd edilən qanunun qəbul edilməsi, mediasiya institutunun Azərbaycan hüquq sisteminə gətirilməsi cənab Prezidentimiz İlham Əliyevin apardığı mütərəqqi və uğurlu məhkəmə-hüquq islahatlarının ən vacib hissələrindən biridir. Mediasiyada əsas məqsəd qeyd elədiyim kimi mübahisənin məhkəməyə qədər qarşılıqlı razılıqla həll edilməsi, münaqişə səviyyəsinin azaldılmasıdır. Bundan başqa mübahisələrin məhkəməyə qədər alternativ həll yolu kimi mediasiya həm də məhkəmələrdə iş yükünün azaldılmasına da xidmət edir ki, nəticə etibarı ilə bu da məhkəmələrdə işlərə baxılmasının operativliyinə və effektiv araşdırılmasına gətirib çıxarır. Ümumilikdə, mediasiya nədir desək, mediasiyanın ana məqsədi bizim cəmiyyətimizə yad bir məfhum deyil. Biz adət-ənənələrimizə baxsaq görərik ki, mediasiyanın elementləri bizm adətlərimizdə, ənənələrimizdə hər zaman yer tapmış, iki mübahisəli insani, qan davası olan insanları el ağsaqqalları, böyükləri hər zaman barışığa dəvət etmişlər. Müasir dövrümüzdə də, mediasiyanın əsas misiyası adətlərimizdə olduğu kimi mübahisəli tərəfləri barışığa dəvət etmək olsa da, mediasiyanın fərqi bu prosesin daha çevik, daha fərqli mexanizm və metodlarla həyata keçirilən peşəkar bir fəaliyyət, peşəkar proses olmasıdır.

– Kimlər mediator ola bilər, kimlər mediator ola bilməz?

– Bildirim ki, hazırkı qanunvericiliyin tələbinə görə ali təhsilli, 25 yaşı tamam olmuş və ən azı 3 illik iş stajına malik olan, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək bu təlim kursunun sonunda imtahanı uğurla keçib təlim qurumundan müvafiq sertifikatı əldə edən şəxslər Mediasya Şurasına üzv olaraq mediator fəaliyyəti ilə məşğul ola bilərlər.

İkin hazırlıq üzrə təlimdə iştirak etmək istəyən şəxslər mediasiya təlimi qurumuna müraciət etməlidir. Hazırda ölkədə fəaliyyət göstərən yeganə təlim qurumu Ədliyyə Akademiyasıdır. Mediator olmaq istəyən şəxslər “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası” ilə müəyyən edilmiş sənədləri toplayaraq təlimdə iştirak etmək üçün Akademiyaya müvafiq müraciət ünvanlamalıdır. Bir daha qeyd edim ki, həmin təlim başa çatdıqdan sonra imtahan keçirilir və mediatorun nəzəri bilikləri müsahibə, praktiki vərdişləri isə mediasiya imitasiyası vasitəsilə yoxlanılır. İmtahanda müvəffəqiyyət qazanan şəxslər sertifikat əldə edərək Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün müraciət etməlidirlər. Şəxslər Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir.

Onu da qeyd edim ki, mediator olmaq üçün qanunla bəzi məhdudiyyətlər də müəyyən olunub. Belə ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməzlər. Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə də məşğul ola bilər. Yəni mediatorun həm də hər hansı digər bir peşənin sahibi də ola bilər, paralel olaraq həmin fzaliyyəti həyata keçirə bilər. Məsələn: vəkil-mediator, həkim-mediator, psixoloq-mediator, müəllim-mediator, mühəndis-mediator və.s

– Mediasiyanın tətbiq dairəsi nələrlə məhdudlaşır? Bu prosesdə kimlər iştirak edə bilər?

– Qanunun tələbinə görə mediasiya mülki mübahisələrdə, inzibati mübahisələrdə, ailə, əmək və kommersiya mübahisələrində tətbiq edilir. Bu kateqoriyadan yalnız əmək, ailə, kommersiya mübahisələri üzrə isə ilkin mediasiya sessiyasının keçirilməsi məcburidir. Yəni, əmək, ailə, kommersiya mübahisələri üzrə isə ilkin mediasiya sessiyası keçirilmədən məhkəməyə müraciət etmək mümkün deyil. Həmin 3 kateqoriya üzrə tərəflər ilk öncə ilkin mediasiya sessiyasından keçməlidirlər, onalr arasında barışığın əldə olunması mümkün olmadıqda mübahisə məhkəmənin icraatına qəbul edilə bilər. Mediasiya prosesində mübahisənin tərəfləri ilə yanaşı həm də, vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiya təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesində iştirak edən digər şəxslər;

– Mediasiyada tərəflərin hüquq və vəzifələri nədən ibarətdir?

– Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq hüquqlarına malikdirlər. Tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. Bundan başqa, tərəflər mediasiyanın məqsədləri naminə əməkdaşlıq etməli və qarşılıqlı birgə fəaliyyət göstərməlidirlər. Mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır. Həmçinin tərəflər mediasiya təşkilatını və ya mediatoru seçmək və onlardan imtina etmək; mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək; mediasiya prosesi və onun mümkün nəticələri barədə məlumat almaq hüquqlarına malikdirlər. Tərəflərin barışıq sazişinin icrasını təmin etməli, şərtlərini icra etməlidirlər. Mediasiya prosesinin konfidensiallığını qorumalıdırlar.

– Azərbaycanda mediasiya sahəsində hansı ölkələrin təcrübəsi tətbiq olunur və mediasiya prosesi tərəflərə nə kimi üstünlüklər verir? Sizcə, vətəndaş niyə məhkəməyə deyil, məhz mediasiyaya müraciət etməlidir?

– Ölkəmizdə mediasiya sahəsinə dair Türkiyə modeli və Avropa ölkələrinin modelinə, mücbət təcrübələrinə istinad edilsə də, ölkəmizdə mediasiya sahəsində qanunvericiliyinə əsasən, mediator fəaliyyətini fərdi qaydada və ya təşkilatda birləşməklə həyata keçirə bilər. Mediatorlar tərəfindən hazırda üstünlük mediasiya təşkilatlarında fəaliyyətə verilir. Mediasiya təşkilatları mediasiya sahəsində qanundan irəli gələn əsas funksiyaların icraçısı olaraq qanunla mediasiya sahəsində bir sıra öhdəlikləri həyata keçirməlidir. Mediasiya təşkilatları mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini aparmalıdır. Təşkilatda fəaliyyət göstərən mediator marketinqinin aparılmasından azaddır, çünki həmin mediator əvəzinə bu funksiyanı təşkilata həyata keçirməlidir. Mediasiya təşkilatı mediasiya prosesində danışıqların aparılması üçün mediatora şərait yaratmalı, mediatoru sessiya otaqları ilə təmin etməli, mediasiya sessiyalarının həyata keçirilməsi üçün bütün təşkilatı işləri icra etməlidir. Nəticədə bu uğurlu və keyfiyyətli mediasiyaya xidmət edir. “Vətəndaş niyə mediasiyaya müraciət etməlidir?” sualının cavabı belədir: “Mübahisə məhkəmə icraatında həll edilən zaman mübahisənin qalibi və məğlubu olur. Mediasiyada isə heç bir tərəf məğlub olmur, hər iki tərəf qalib olur. Mediasiya tərəflərin qarşılıqlı razılaşmasıdır, münaqişə səviyyəsinin azaldılmasıdır. Mübahisə məhkəmə müstəvisinə çıxdıqda tərəflər maliyyəresursları və vaxt resurslarının itgisinə məruz qalır. Məhkəmə icraatında mübahisənin həlli zamanı tərəf hüquqi xidmət üçün kifayət qədər ciddi qonorar ödəyir, hazırda dövlət rüsumlarının məbləği diferensiallaşdığı üçün heç də az məbləğ təşkil etməyən məbləğdə dövlət rüsumu ödəyir, qüvvədə olan qanunvericiliyin tələbini nəzərə alsaq, orta hesablama ilə 1 məhkəmə mübahisənin bitməsinə, yekun məhkəmə qərarının çıxarılması 1 il yarım vaxt aparır. Müasir dövrün tələblərində isə vaxt qızıldır. Tərəflər maliyyə resurslarına və vaxta qənaət etməklə mübahisəni qarşılıqlı razılıqla mediasiyada bitirmək şansına malikdirlər.

– Vətəndaş mediatora necə müraciət edə bilər? Bunun prosedur qaydası necədir?

– Mübahisə tərəflər eyni anda könüllü olaraq bərabər formada özlərinin seçdikləri mediatora və ya Mediasiya Təşkilatına yaxınlaşaraq mediasiya xidmətinin göstərilməsinə dair müqavilə bağlayaraq mediasiya prosesinə başlaya bilərlər. Yox əgər, tərəflərin ilkin başlanqıcda ünsiyyətləri olmadığı halda tərəflərdən biri digər tərəfə mübahisənin mediasiyada həll olunması ilə bağlı təklif göndərir, həmin təklifə qarşı tərəf 10 iş günü ərzində reaksiya fikir bildirməlidir. On iş günü ərzində qarşı tərəfdən hər hansı cavab olmadıqda təklif göndərən tərəf əmək, kommersiya və ya ailə mübahisəsi ilə bağlı Mediasiya Təşkilatına yazılı müraciət edir və mediator ayrılmasını xahiş edir. Mediasiya Təşkilatına yazılı müraciətə qarşı tərəfə göndərilən təklif və təklifin göndərilməsini təsdiq edən poçt qəbzi əlavə edilməlidir. Onu da qeyd edim ki, mediasiya təşkilatlarına edilən yazılı müraciətlər həm kağız daşıyıcıda ənənəvi qaydada, həm də elektron poçt vasitəsi ilə elktron formada göndərilə bilər. Mediasiya təklifinin və mediasiya müraciətinin yazılı şablon forması həm Mediasiya Şurasının saytında yerləşdirilmişdir.

– Hazırda Azərbaycanda mediasiya institutunun tam olaraq formalaşdığını deyə bilərikmi? Mediasiya Şurası mediasiya təşkilatları və mediatorlarla əlaqələrini necə qurub? Ölkəmizdə neçə mediator və mediasiya təşkilatı qeydiyyatdan keçib?

– Ölkəmizdə mediasiyanın inkişafı və bu sahədə islahatların intensiv vüsət alması ilkin olaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gəlir. Adıçəkilən Fərman ilə ölkə başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlığın subyektləri arasında mübahisələrin alternativ həlli imkanlarının təkmilləşdirilməsi əsas prioritelərdən biri kimi müəyyən edilmiş və mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar metodu kimi qanunvericilik əsaslarının möhkəmləndirilməsinə zərurəti vurğulanmışdır. Bu əsnada “Mediasiya haqqında qanun layihəsinin hazırlanması” və “Mediasiya Şurasının yaradılması” Yol Xəritəsində görüləcək tədbirlər sırasında öz yerini tapmışdır. Bununla da möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən aparılan mütərəqqi dövlət siyasəti çərçivəsində Azərbaycanda mediasiya institutunun inkişafı təməli qoyulmuşdur.

Həmçinin, ədalət mühakiməsinin səmərəliliyinin artırılması Azərbaycan dövlətinin hüquq siyasətinin prioritetlərindən olduğu üçün, Azərbaycanda mediasiya institutunun yaradılması üzrə tədbirlərin davam etdirilməsi, o cümlədən bu fəaliyyəti tənzimləyən normativ bazanın formalaşdırılmasının, beynəlxalq təşkilatların dəstəyi ilə pilot qaydada tətbiqinin və əhalinin bu sahədə maarifləndirilməsinin təşkil edilməsi ilə bağlı işlərin görülməsi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında da öz əksini tapmışdır. Bu istiqamətdə görülmüş işlər nəticəsində beynəlxalq təşkilatların dəstəyi ilə qabaqcıl dünya təcrübəsinə uyğun tənzimləməni özündə ehtiva edən Azərbaycan mediasiyasının normativ-hüquqi bazası qurulmuş və nəticədə bu sahəni tənzimləyən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edilmişdir.

İlk növbədə qeyd etmək istərdim ki, mediasiya təsisatının ölkəmizdə tətbiqinə başlanan ərəfədə ölkə Prezidenti tərəfindən məhkəmə-hüquq sisteminin inkişafı sahəsində yeni yol xəritəsi hesab olunan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanla ölkə başçısı Ədliyyə Nazirliyinə mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirilməsi barədə tapşırıq verilmişdir ki, bu tapşırıq çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən əhali arasında, habelə hüquq cəmiyyəti çərçivəsində geniş maarifləndirmə işləri aparılmış və hazırda da mediasiyanın tətbiqi ilə bağlı məlumatlılığın artırılması istiqamətində mühüm dəstək tədbirləri görülməkdədir.

Qanunun tətbiqinə gəldikdə isə, bildiyiniz kimi, “Mediasiya haqqında” Qanunun artıq 2021-ci ilin iyul ayından tam olaraq qüvvəyə minmiş və Qanunun tətbiqinin təmin edilməsi məqsədi ilə bir sıra digər qanunvericilik aktlarında, o cümlədən Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında da dəyişiklik edilmişdir.

Eyni zamanda qeyd edilməlidir ki, Qanundan irəli gələrək mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydası, mediasiya reyestrinin aparılması qaydası, mediatorların peşəkar etik davranış qaydası, mediasiya prosesinin həyata keçirilməsi qaydası və mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası hazırlanaraq Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.

Göründüyü kimi, qısa zaman kəsiyində ölkəmizdə mediasiya təsisatının adaptasiyası məqsədilə bir sıra normativ hüquqi aktlar hazırlanmış və bununla bağlı zəruri dəyişikliklər edilmişdir. Sözsüz ki, digər sahələrdə də olduğu kimi, ölkəmizdə mediasiyanın inkişafı bilavasitə bu sahəni tənzimləyən zəngin qanunvericilik bazasının mövcudluğu ilə bağlıdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, mediasiya təcrübəsinin mübadiləsi zamanı xarici həmkarlarımız tərəfindən Azərbaycanda qanunvericilik səviyyəsində bu təsisata ayrılan diqqət çox yüksək qiymətləndirilir. Mediasiya – mediatorun vasitəçiliyilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. Mediator isə peşəkar əsasda mediasiya prosesini həyata keçirən Mediasiya Şurasının üzvüdür. Ölkəmizdə mediasiya mülki, kommersiya, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparılır. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb olunur. Qeyd edim ki, bu mübahisələr üzrə mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediasiya təşkilatı tərəfindən aparıla bilər. Tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Eyni zamanda bildirim ki, Qanuna əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediatoru müəyyən edə bilər. Mediaisya Şurasının 2022-ci il dövründə fəaliyyəti barədə deyə bilərəm ki, Mediasiya üçün ümumi 7581 müraciət olmuşdur. Bu müraciətlərin 6551-i ailə, 737 müraciət kommersiya, 293 müraciət isə əmək mübahisələrinə aiddir. 2022-ci il ərzində 475 barışıq sazişi imzalanmışdır. 330 barışıq sazişi ailə, 83 kommersiya, 62 əmək mübahisələrinə aiddir.

Hazırda ölkədə 11 mediasiya təşkilatı dövlət qeydiyyatından keçərək Mediasiya Şurasının üzvlüyünə qəbul edilmişdir. Onlardan 9-u Bakı şəhəri üzrə, 1-i Naxçıvan Muxtar Respublikası üzrə, digər 1-i isə Gəncə şəhəri üzrə qeydiyyata alınmışdır. Beləliklə, bu cür hallarda hazırda Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan mediasiya təşkilatı, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müraciətlər Bakı şəhərində yerləşən 9 mediasiya təşkilatı tərəfindən, Gəncə şəhəri, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Daşkəsən, Samux, Qazax, Tovuz, Bərdə, Tərtər və Ağdam rayonlarından olan müraciətlər isə Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən aidiyyəti üzrə mediatorlara yönləndirilir.

Hər bir mediator öz fəaliyyətinə ilk növbədə özü nəzarət etməli və özü qarşısında hesabatlı olmalıdır. Bu cür yanaşma mediatorun etik davranışına, o cümlədən qanunçuluq və vicdanlı davranış prinsiplərinə uyğun gəlir.

Eyni zamanda Qanuna əsasən, mediasiya sahəsində nəzarətin həyata keçirilməsi Mediasiya Şurasının əsas funksiyalarından biridir. Şura qanunvericiliyə uyğun olaraq, nəzarət tədbirlərini müxtəlif üsullarla həyata keçirərək vəzifələrini pozan mediatorlar barəsində məsuliyyət tədbirləri görür. Vəzifələrin pozulmasına görə Qanunda intizam məsuliyyəti tədbirləri, həmçinin İnzibati Xətalar Məcəlləsində bəzi pozuntularla bağlı intizam tənbeh tədbirləri müəyyən olunmuşdur.

Qeyd etməliyəm ki, mediatorların fəaliyyətinə nəzarətin həyata keçirilməsində ictimai nəzarətin, habelə aidiyyəti dövlət orqanlarının dəstəyinin də böyük rolu var və bunun müsbət nəticələrindən Şura olaraq geniş yararlanırıq.

Qeyd etmək istərdim ki, mediasiyanın səmərəliliyi, dünya təcrübəsində bu təsisat vasitəsilə həllini tapan mübahisələrin sayı ilə ölçülməkdədir. Bunun üçün ilk növbədə keyfiyyətli mediasiya xidmətinin göstərilməsi təmin edilməli və bu zaman vətəndaşların məmnunluğu prinsipi rəhbər tutulmalıdır ki, bu işdə əsas yük mediatorların və mediasiya təşkilatlarının üzərinə düşür.

Eyni zamanda Mediasiya Şurası tərəfindən mediasiya sahəsinin səmərəli təşkili məqsədilə mütəmadi tədbirlər görülməkdədir. Şura qısa zamanlı fəaliyyətinə baxmayaraq, mötəbər beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa başlamış, bu sahənin perspektiv inkişafı istiqamətində zəruri tədbirlərin görülməsini hədəfləmişdir. Mediasiya Şurası tək olaraq, bizi əhatə edən ekosistemin müsbət təsir olamdan bu qədər ağır işin öhdəsindən gələ bilməzdi. Məhz buna görə də Mediasiya Şurası adından və eyni zamanda bütün mediatorların adından bizə dəstək olan qrumlara dərin təşəkkür edirəm. Bu qrumlar sırasında, Azərbaycan Respublikasının Prezident Adminstrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi başda olmaqla Nazirliyin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi , Daxili İşlər Nazirliyi , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi.

Əminliklə qeyd etmək istərdim ki, yeni fəaliyyət başlamış Mediasiya Şurasının fəaliyyətində zaman zaman əməkdaşlıq etdiyimiz qrumların siyahısı daha da artacaq və biz cənab Prezidentin bütün islahat təşəbbüslərində vahid bir vəhdət rolunu oynayacağıq. Bir daha hər birinizə dərin təşəkkürümü bildirirəm.

Mediation.az