ADR üzvü, tanınmış iqtisadçı-alim Elşən Orucov namizəd olduğu 108 saylı Ağstafa seçki dairəsindən namizədliyini geri götürüb. Bu haqda mediation.az saytına açıqlama verən Elşən bəy namizədliyini geri götürməsinin səbəblərini bildirib: 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərinin rəsmi təbliğat-təşviqat kompaniyası 9 avqustda başlayıb. Ölkədə seçki öncəsi ictimai-siyasi vəziyyətin təbliğat-təşviqat üçün qənatbəxş olmadığı, artıq kampaniya başlayan kimi deputat seçiləcək şəxslərin hamısının siyahısının indidən bəlli olduğu seçki kampaniyasının çətin şərtlər daxilində keçəcəyi və səsvermənin nəticələrinin öncədən müəyyən olduğununa əsaslı şübhələr olduğundan NAMİZƏDLİYİMİ GERİ GÖTÜRÜRƏM. Namizədliyimi geri götürmə səbəblərimi gücləndirən daha bir amil isə, ayda bir dəfə çapdan çıxan “Ağstafa” adlı ictimai-siyasi qəzetində gedən bu məqalədir: 20 iyul – 10 avqust 2024-cü il buraxılışında Ağatafadan qeydiyyata alınan namizədlərin siyahısı və qısa bioqrafiyası verilib. Siyahıda diqqətçəkən 3 məqam var.İlk məqam, mənim bioqrafiyamda verilən məlumata baxanda yalnız bakalavr təhsilli olmağım təəssüratı yaradır. Halbuki mənim elmi dərəcəm bir alim kimi iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Bundan əlavə, mən iqtisad elmləri doktorluğunu oxuyuram, 2013-cü ildən indiyədək Azərbaycan Universiteti və 2021-ci ildən indiyədək Qərbi Kaspi Universitetində müəllim kimi çalışıram. Bunların heç biri göstərilməyib. İkinci məqam, Azər Əmiraslanov iqtisadiytat üzrə fəlsəfə doktoru olduğu halda elmlər doktoru kimi göstərilib. Üçüncü məqam isə, namizədlərin şəkil və adlarının ardıcıllığı məsələsidir ki, nə əlifba sırası ilə verilməyib, nə də başqa məntiqlə. Bu ardıcıllıq isə dairə üzrə səslərin faiz ardıcıllığıdır, səsverçə nəticəsində yer sıralanmasıdır. Bunların hər biri artıq seçkinin taleyinin həll olunduğunu və səsvermənin formal xarakter daşımasının bariz nümunəsidir. Sonda “Parlament seçkisi boyunca daima mənə yüksək etimad göstərdiyiniz və dəstək verdiyiniz üçün sizlərə xüsusi və sonsuz minnətdarlığımı bildirirəm!” – deyə Elşən Orucov bildirib.