“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində Ali Məhkəmə mühüm rol oynayır”.
Mediation.az xəbər verir ki, bunu açıqlamasında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.
Onun sözlərinə görə, Mediasiya Şurası ilə Ali Məhkəmə arasında səmərəli əməkdaşlıq qurulub.
“Sevindirici haldır ki, məhkəmə-hüquq islahatlarının bir hissəsi olan mediasiya islahatlarına Ali Məhkəmə rəhbərliyi tərəfindən hər zaman çox ciddi dəstək göstərilib. Biz Ali Məhkəmədə dəfələrlə görüşlər keçirmişik, problemlərin həllində dəstək almışıq. Ali Məhkəmədə heç bir bürokratik əngəl və süründürməçilik görmədən çox rahat şəkildə mediasiya islahatları üzrə problemlərimizi müzakirə edə bilirik. Əlbəttə ki, Ali Məhkəmənin bizə göstərdiyi dəstəyi məhkəmə-hüquq islahatlarının əsas lokomativi olan Məhkəmə-Hüquq Şurasının da mediasiya islahatlarına göstərdiyi diqqətin bir təzahürü kimi qəbul edirik. Şuranın sədri, ədliyyə naziri hörmətli cənab Fikrət Məmmədovun Məhkəmə-Hüquq Şurasının iclaslarındakı çıxışlarında Mediasiya Şurasının fəaliyyətinin təkminləşdirilməsinə, meydana çıxan problemlərin çevik həll edilməsinə, eyni zamanda mediasiya sahəsində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsinə nə qədər böyük diqqət ayırdığının şahidi oluruq. Əlbəttə ki, bu bizim üçün çox böyük və şərəfli bir məsuliyyətdir. Çox yeni və müstəqil təsisat olan Mediasiya Şurasına Məhkəmə-Hüquq Şurası da daxil olmaqla, Ali Məhkəmənin də dəstək olması bizi daha səmərəli nəticələrə doğru aparır”, – deyə sədr qeyd edib.
N.Adilov deyib ki, hazırda Ali Məhkəmənin dəstəyi ilə “E-mediasiya” sisteminin yaradılması istiqamətində işlər görülür: “Ali Məhkəmənin rəhbərliyi də daxil olmaqla, kollegiya sədrləri və hakimlərlə, Ali Məhkəmənin Aparatı və şöbələri ilə istənilən zaman mediasiya islahatları üzrə məsələləri çevik müzakirə etmək və nəticələrə gəlmək yolunda diqqət və qayğı görürük. Eyni zamanda çox mütərəqqi bir haldır ki, biz elektron mediasiya prosesləri üzrə də Ali Məhkəmə ilə çox sıx təmasdayıq. Biz “E-mediasiya” prosesləri barədə də dəfələrlə Ali Məhkəmədə müzakirələr aparmış və məhkəmə mütəxəssislərinin çox ciddi dəstək və tövsiyələrini almışıq. Hazırda bu məsələlərin üzərində işləyirik. “E-mediasiya” prosesləri qaçılmazdır və bizi əhatə edən mühitin də dəstəyi ilə ciddi nəticələrə nail olacağıq. Həmçinin müvafiq məhkəmə instansiyaları ilə fəaliyyətimizin əlaqələndirilməsində, daha yaxşı təcrübələrin öyrənilməsində Ali Məhkəmə bizə yaxından dəstək verir. Ona görə də fürsətdən istifadə edib, hər zaman bütün qayğılarımıza xüsusi diqqətlə yanaşan Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev, Ali Məhkəmə sədrinin müavini cənab Çingiz Əsgərova xüsusi minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək Ali Məhkəmənin rəhbərliyini və bütün kollektivini Mediasiya Şurası adından 100 ilik yubiley münasibəti ilə təbrik edir və bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.