“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinin tələblərinə cavab verən və mediatorların ilkin hazırlığı üzrə təlimi, həmçinin ixtisasartırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir.

Mediation.az-ın xəbərinə görə, nəzərdə tutulmuş ilkin hazırlıq kursu üzrə sertifikatı alan 11 mediator Mediasiya Şurasının üzvü kimi fəaliyyət göstərmək üçün müvafiq sənədlərlə Şuraya müraciət edib və Mediasiya Şurasının İdarə Heyəti tərəfindən uyğunluqları yoxlanılaraq Şuranın üzvlüyünə qəbul edilib.

Mediasiya Şurasının üzvlüyünə qəbul edilmə proseduruna əsasən, mediator, mediasiya təşkilatları və mediasiya təlimi qurumu kimi fəaliyyət göstərmək istəyən şəxslərin Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi prosesini tənzimləmək məqsədi ilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya reyestrinin aparılması Qaydası”na və Mediasiya Şurasının nizamnaməsinin 6.14.4-cü maddəsinə uyğun olaraq tərtib edilir.

Nəzərinizə çatdıraq ki, mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilmək üçün “Mediasiya Şurasının üzvlüyünə qəbul edilmə proseduru”na əsasən aşağıdakı sənədlər Mediasiya Şurasına təqdim edilməlidir:

Ərizə;

Şəxsiyyəti təsdiq edən sənədin surəti;

Ali təhsil barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti;

3 illik iş stajını təsdiq edən sənəd;

Çiyinlər, sinə və baş aydın şəkildə görünən, ağ fonda çəkilmiş elektron şəkil;

Məhkumluq barədə arayış;

Müraciət tarixindən ən geci 1 (bir) il əvvəl alınmış, Qanunun 14.2-ci maddəsində nəzərdə tutulan sertifikatın surəti;

Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surəti (müstəqil mediator qismində fəaliyyət göstərəcəyi hallarda).

Qeyd:Ərizədə mediatorun əlaqə məlumatları (telefon nömrəsi, olduqda elektron poçt ünvanı və s.) və mediatorun fəaliyyət göstərəcəyi ünvan göstərilməlidir.

Mediation.az