“Nikahın pozulmasını tələb edən şəxs ilkin mediasiya sessiyasında iştirak etmədən məhkəməyə müraciət edə bilər, bir şərtlə ki, uşaq və aliment barədə mübahisə olmasın”.

Mediation.az xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov bildirib. Onun fikrincə, əgər tərəflər arasında nikahın pozulmasında irəli gələn heç bir mübahisə yoxdursa, bu halda məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunmamalıdır.

“Nikahın pozulması üçün məhkəməyə müraciət etmək istəyən şəxs ilkin mediasiya sessiyasında ona görə iştirak edir ki, nikahın pozulması zamanı məhkəmənin həll etməli olduğu 2 məsələ var: uşağın kimin yanında qalması və uşaq üçün aliment tutulması.

Məhkəmə bu 2 məsələni nikahın pozulması zamanı iddia olmadan həll etməyə borcludur, qalan məsələlərin həlli üçün isə iddia olmalıdır. Əgər ər-arvad mediatorun vasitəçiliyi olmadan uşağın kimin yanında qalması və uşaq üçün hansı valideyndən və hansı miqdarda aliment tutulması barədə saziş bağlayıbsa, artıq mediasiyada həll edilməli olan mübahisə yoxdur, nikahın pozulması müstəsna olaraq məhkəmənin səlahiyyətinə aiddir. Belə vəziyyətdə ər-arvadı ilkin mediasiya sessiyasında iştiraka məcbur etmək mənasızdır, vaxt və xərc itkisinə səbəb olur”, – deyə N.Cəfərov qeyd edib.

Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, mediator İlhamə Həsənova mövzu ilə bağlı bildirib ki, mediasiyada məqsəd təkcə nikahın pozulması şərtlərini deyil, həm də nikahın davam etdirilməsinin şərtlərini müzakirə etməkdir.

““Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsində qeyd olunub ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyada nikahın davam etdirilməsi şərtləri müzakirə oluna bilər. Tutaq ki, tərəflər nikahı pozur. Onlar arasında aliment, uşaq və sair nikahın pozulmasında irəli gələn heç bir mübahisə yoxdur. Amma ola bilər ki, tərəflər mediasiyada müəyyən şərtlərlə nikahı davam etdirmək barədə razılığa gəlsinlər. Təcrübəmdə də belə bir hal yaşanıb. Nikahın pozulması ilə bağlı bir xanım bizə müraciət etmişdi və qarşı tərəflə aralarında hər hansı mübahisə yox idi. Xanımla danışdıqdan sonra qarşı tərəfi mediasiyaya dəvət etdim. O, nikahın pozulmasını istəmədiyini bildirdi. Daha sonra apardığımı müzakirələr zamanı məlum oldu ki, tərəflər müəyyən şərtlərlə nikahı davam etdimək istəyirlər. Bu razılıq əsasında müəyyən şərtlərlə saziş bağlandı və onlar nikahı davam etdirdilər”, – İ.Həsənova deyib.

Onun sözlərinə görə, gələcəkdə ilkin mediasiya sessiyasının məcburi olması barədə tələb aradan qaldırıla bilər: “Hazırda bu prosesin məcburi olması həm də cəmiyyəti mediasiya ilə bağlı maarifləndirmək məqsədi daşıyır. Çünki bu gün bir çoxları mediasiya barədə məlumatsızdır. Bizə müraciət edən vətəndaşlara mediasiyanın mahiyyəti, onun üstünlükləri barədə məlumat verdikdə onlar bunun əslində çox faydalı və əlverişli proses olduğunu bildirirlər. Artıq çoxları könüllü olaraq mediasiya sessiyalarında iştirak etmək istədiklərini deyirlər. Ola bilər ki, bir neçə il sonra, yəni insanlar kifayət qədər məlumatlı olduqdan sonra bu məcburiyyət aradan qaldırılsın. Onda artıq hər kəs mediasiyanın mahiyyətini düzgün başa düşəcək və könüllü olaraq mediasiyaya müraciət edəcəklər”.

Xəyalə Bünyatova

Mediation.az