Fevralın 25-də Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü və təşkilatçılığı, Ədliyyə Akademiyası, Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə mediatorlar üçün təlim təşkil olunub.
Mediation.az xəbər verir ki, təlimin mövzusu “Bankla müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” olub.
Təlimin açılışında giriş nitqi ilə çıxış edən Mediasiya Şurası İdarə Heyəyinin üzvü Sima Yaqubova təlimin mövzusunun mediatorların fəaliyyətində aktual yer aldığını vurğulamış, eyni zamanda Mediasiya Şurasının rəhbərliyi adından təlimin təşkilinə görə Azərbaycan Beynəlxalq Bankın rəhbətliyinı və kollektivinə təşəkkür etmişdir.
Daha sonra təlimin keçirilməsi təşəbbüskarı və təşkilatçısı olaraq, ABB İdarə Heyətinin sədr müavini Vasif Əhmədov çıxışında bildirmişdir ki, ABB cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir və bu bankın korporativ funksiyalarından birini təşkil edir. Həmçinin
Ədliyyə Akademiyasının rektoru v.i.e. Elçin Xələfov, Azərbaycan Banklar Assosiasiyasının İcraçı Direktoru Yunus Abdulov bank münasibətlərinin və həmin münasibətlərin hüquqi tənzimlənməsinin dinamikliyindən, təlimin mövzusunun zəruriliyindən çıxış edərək, iştirakçılara müvəffəqiyyətlər arzu etmişdir.
Təlimdə 27 mediator iştirak etmiş və təlim sonu iştirakçılara təlimdə uğurla iştiraklarına görə sertifikatlar təqdim edilmişdir.
Təlim zamanı təqdimatlarda müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələrə diqqət yönəlmiş, hesablaşmalar, kart əməliyyatları, İnternet Bankdan istifadə və s. xidmətlərlə bağlı yarana biləcək mübahisələrin spesifikliyi nəzərdən keçirilmişdir.
Həmçinin müxtəlif məqamlara aydınlıq gətirilərək, iştirakçıların sualları cavablandırılmışdır.