Azərbaycan Respublikasının Baş Prokuroru
Hörmətli Kamran Əliyevə
Cənab Baş prokuror!
Siyasi məhbus, jurnalist Ülvi Həsənli bu yaxınlarda saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında şahidi olduğu işgəncə və insan ləyaqətini alçaldan hərəkətlərlə bağlı geniş məqalə yazaraq mətbuat vasitəsilə ictimaiyyəti və dövlət orqanlarını məlumatlandırmışdı.
Ülvi Həsənlinin işgəncə, insan ləyaqətinin alçaldılması barədə yazdığı həmin məqalə daxili və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurmuşdu.
Biz də insan hüquqları təşkilatı olaraq ümid edirdik ki, dövlətin aidiyyəti qurumları, xüsusən də Baş Prokurorluğ dərhal hərəkətə keçəcək, yazıda göstərilən hallar ciddi araşdırılaraq hüquqi qiymətini alacaq.
Lakin çox təəssüflər olsun ki, bu baş vermədi və əksinə İstintaq Təcridxanasının rəhbərliyi Ülvi Həsənliyə qarşı ələ alınmış məhkumlar vasitəsilə təxribatlar hazırlatdırır. Bu barədə Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva yazıb.
Cənab Baş prokuror!
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizdən "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı olaraq, hal-hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Həsənlinin həyatının təhlükəsizliyinin təmin edilməsi, istintaq təcridxanasında baş verən işgəncə və insan ləyaqətini alçaldan hallarla bağlı obyektiv araşdırma aparılması barədə göstəriş verməyinizi xahiş edirik.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin Mətbuat Xidməti
Həsən Türksoy