“Hüquq mübahisələrinin alternativ yolla həll edilməsi, eləcə də, məhkəmələr başda olmaqla, hüquqi mübahisələrin nizamlanması ilə məşğul olan dövlət orqanlarının iş yükünün azaldılması vasitəsi kimi mediasiya institutu, tətbiq edildiyi bütün dövlətlərdə özünü doğrultmuşdur. Bu anlamda, mediasiya institutunun özünün milli hüquq sistemi üçün əhəmiyyəti və onun hüquqi mübahisələrin həllində səmərəliliyi məsələsi müzakirə predemti deyildir. Əgər hansısa milli hüquq sistemi daxilində mediasiya institutu yaradılır, lakin lazımi səmərəlilik dərəcəsi göstərə bilmirsə, bu, həmin institutun özünün deyil, daha çox bu institutun idarəetməsi sahəsində problemlərin olmasından xəbər verir”.
Mediation.az xəbər verir ki, bu sözləri Hüquq elmləri doktoru Ayxan Rüstəmzadə öz məqaləsində qeyd edib.
Həmin məqaləni təqdim edirik:
“Ölkəmizdə mediasiya institutunun tətbiq edilməsi haqqında qərar qəbul edilərkən, haqlı olaraq, müsbət beynəlxalq praktikaya və təcrübi fəaliyyətdə təsdiqini tapmış konsepsiyalara əsaslanılmış və Azərbaycanda mediasiya institutunun qısa zaman ərzində milli hüquq sisteminə əhəmiyyətli fayda verəcəyi proqnozlaşdırılmışdı. Üstəlik, nəzərə almaq lazımdır ki, mediasiyanın yönəldiyi ən arzuedilən nəticə, yəni barışıq əldə etmə ənənələri bizim xalqımız üçün çox xarakterikdir. Tarixən bizim coğrafiyada insanlar arasında baş verən mübahisələrin, ilk növbədə, ağsaqqallar, böyüklər, nüfuzlu şəxslər tərəfindən barışıqla həllinə cəhd edilmişdir. Başqa sözlə, mediasiyanın Azərbaycanda səmərəli işləməsi üçün mövcud olan bütün digər amillərlə, siyasi iradə, normativ tənzimetmə, maliyyə dəstəyi və s. yanaşı, cəmiyyətin bu instituta meylli olması, yəni sosioloji amil də öz yerindədir. Əslində mediasiya institutu yaranana qədər də həm vəkillərin, həm də hakimlərin təşəbbüsü ilə barışıq əldə olunurdu. Hətta məhkəmələrin qarşısında barışıq masaları da qurulmuşdu. Bunun statistik məlumatını da daim əldə edirdik. Lakin təəssüf ki, mediasiya institutunun iştirakı ilə əldə olunmuş barışıqlar barədə statistik məlumatlarını əldə edilməsi mümkün olmadı.
Bu gün reallıqda mediasiya institutu məhkəmə-hüquq sisteminin problemlərini azaltmaq əvəzinə, onun üçün yeni problemlər yaratmaqdadır və bunun səbəbi də, əvvəldə qeyd edildiyi kimi, institutun özü ilə deyil, onun cari idarəetməsindəki boşluq və problemlərlə əlaqəlidir. Nümunə qismində onlardan bəzilərini qeyd etmək olar.
Hər şeydən öncə, bu fəaliyyətin kimlər tərəfindən aparıldığı məsələsinə toxunmaq lazımdıır. Reallıq ondan ibarətdir ki, hazırda mediatorlar arasında səmərəli mediasiya prosedurları aparanların əsas hissəsi eyni zamanda vəkil statusu olan şəxslərdir və hazırda peşəkar mediator hesab edilə biləcək şəxslər, demək olar ki, çox az saydadır. Həmçinin, mediasiya təşkilatlarının dairəsinə nəzər saldıqda, görünür ki, onların əksəriyyəti vəkil büroları bazasında yaradılmışdır. Bunun səbəbləri anlaşılandır, lakin yaratdığı nəticə ürəkaçan deyil. Bunun səbəbi ondadır ki, əhaliyə yüksək keyfiyyətli hüquqi yardım göstərmək iqtidarında olan yeganə peşəni təmsil edən vəkillər ölkədə baş verən bütün digər hadisələrə operativ reaksiya verdikləri kimi, mediasiya institutunun yaranmasında da iştirak etməklə, ona öz töhfəsini verdilər. Əgər mediasiya institutunun yaradılması prosesinin ilkin mərhələsində vəkillər aktiv iştirak etməsə idi, bu gün reallıqda vəziyyət daha da acınacaqlı olacaqdı. Bununla belə, nəzərə almaq lazımdır ki, vəkillərin cəmiyyət qarşısında öz vəzifələri mövcuddur. Onlar, ilk növbədə, yalnız vəkillər tərəfindən təmin edilə bilən yüksək keyfiyyətli hüquqi yardımın təminatçılarıdır və öz üzərlərinə digər qurumların öhdəliklərinin yerinə yetirilməsi “yükünü” götürməməlidirlər. Ümid edirik ki, gələcəkdə mediasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi nəticəsində vəkil olmayan mediatorların fəaliyyətinin keyfiyyət göstəriciləri yüksəldikcə, vəkillər, paralel olaraq, mediator qismində çıxış etməkdən uzaqlaşacaq və bilavasiyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə məşğul olacaqlar. Mən də mediasiya institutu yarananda böyük maraq və istəklə bu proseslərə qoşuldum. Sonradan mövcud vəziyyət məni bu sahədən uzaqlaşdırdı. Düzdür, bu institutun yarandığı ilk zaman anlaşılan hissəsi ondan ibarət idi ki, maddi-texniki bazanın olmaması səbəbindən Vəkillər Kollegiyasının köməyi çox olmuşdur. Artıq hesab edirəm ki, mediasiya institutu özü maddi-texniki bazasını formalaşdırmalı və Vəkillər Kollegiyasının bu növ yardımından tam imtina etməlidir. Vəkillər Kollegiyası da hesab edirəm ki, artıq bu növ yardımı dayandırmalıdır və bununla bağlı öz növbəmdə mən də Kollegiyayaya müraciət edəcəyəm.
Diqqət yetirilməli olan əsas məqamlardan biri də əhalinin maairfləndirilməsidir ki, mediasiya fəaliyyətinin cari idarəetməsində bu məsələ də ürəkaçan səviyyədə təşkil edilməmişdir. Xüsusilə regionlarda mediasiya barəsində əhalinin maarifləndirilməsi, demək olar ki, yox dərəcəsindədir. Bununla bağlı Vəkillər Kollegiyasının kifayət qədər müsbət, lakin iradə, təmənnasızlıq hissi və idarəçilikdə peşəkarlıq tələb edən təcrübəsi mövcuddur. Söhbət regionlarda əhaliyə ödənişsiz şəkildə ən yüksək keyfiyyətdə hüquqi yardım göstərilməsinə dair təşkil edilmiş çoxsaylı tədbirlərdən gedir. Belə tədbirlərin təşkili eyni zamanda bir neçə mühüm vəzifənin həllini təmin edir. Belə ki, bu tədbirlər zamanı region əhalisi bir tərəfdən ölkənin ən peşəkar, ən təcrübəli vəkillərindən yüksək keyfiyyətdə hüquqi yardımı ödənişsiz bir şəkildə ala bilir, digər tərəfdən Vəkillər Kollegiyası bu tədbirləri təşkil etməklə, təkcə paytaxt miqyasında deyil, bütün ölkə miqyasında həm öz fəaliyyəti ilə bağlı, həm də ümumi hüquqi maarifləndirmə işini effektiv bir şəkildə təmin edir. Təəssüf ki, mediasiya sahəsində bir dəfə də olsun belə tədbir təşkil edilməmişdir. Bununla yanaşı ölkənin müəyyən təbəqələri (tələbələr, alimlər və s.) arasında da maarifləndirmə tədbirləri səmərəli aparılmır.
Mediatorların əməyinin ödənilməsi məsələsi də hazırda ciddi və zəncirvari problemlər yaradan məsələlərdən biridir. Mediasiya sahəsində cari idarəetmə elə bir şəkildə qurulmuşdur ki, əhaliyə göstərilən mediasiya xidmətlərinə görə ödənilən haqqın olduqca az bir hissəsi mediatorun özünə qalır, insanlar tərəfindən ödənilən məbləğlərin böyük hissəsi isə mediasiya təşkilatlarını “varlandırır”. Yenə də vəkillik fəaliyyətindən nümunə gətirsək, görərik ki, hazırda bu sahədə idarəetmə elə qurulmuşdur ki, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər nəinki normal maddi vəziyyətlərini təmin edə bilərlər, hətta peşəkarlıq və zəhmətkeşlik dərəcəsindən asılı olaraq, kifayət qədər maddi təminatlı insanlara da çevrilə bilərlər. Məhz bu səbəbdən, hüquqşünas gənclər arasında vəkillik bu gün ən çox seçilən peşə sahəsidir. Mediatorların isə belə bir karyera qurması, mediasiya fəaliyyəti ilə məşğul olaraq özünü maddi cəhətdən təmin etməsi, praktiki cəhətdən mümkün deyildir. Bu hal isə, deyildiyi kimi, zəncirvari problemlər yaradır. Belə ki, mediasiya fəaliyyəti yalnız təşkilatları “varlandırdığı” üçün bu sahədə inhisarlaşma riskləri yaranır, mediatorların əməyi layiqli şəkildə ödənilmədiyi üçün peşəkarlaşma baş vermir, bu peşəyə gənclər arasında maraq yaranmır, mediatorluq fəaliyyətinə hər zaman ikinci dərəcəli, paralel bir fəaliyyət kimi yanaşılır, rəqabətdən və inkişafdan ümumiyyətlə, bəhs etmək mümkün olmur və ən əsas problem odur ki, belə şəraitdə mediatorluq formallaşır, praktiki əhəmiyyətli bir fəaliyyət olmaqdan çıxır və təcrübədə “arayış alveri” deyilən neqativ və təhlükəli hallarla nəticələnir. Hesab edirik ki, formal mediasiya bu gün həmin institutun səmərəsizliyinin kökündə duran əsas səbəbdir. Bundan əlavə, əsas məsələdə ondan ibarətdir ki, mediasiya ödənişi məhkəmə xərclərində nəzərə alınır ki, bu da birbaşa dövlət büdcəsinə təsir edir.
Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış mediasiya institutu vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, məhkəmələrin iş yükünün azaldılması məqsədi daşısa da, bu sahənin idarə edilməsində mövcud problem və çatışmamazlıqlar gözlə görüləcək səviyyədədir. Məcburi mediasiya prosesləri formal xarakter daşımaqla proseslərin əsassız uzanmasına gətirib çıxarır və barışıq faizinin aşağı olması iş yükününün əvvəlki səviyyədə olması ilə nəticələnir. Bunun üçün hesab edirəm, mediatorların daha peşəkar olmaları, barışığın əldə olunmasını məcburi deyil, öz düzgün fəaliyyətləri ilə həyata keçirmələri qənaətbəxş addım sayıla bilərdi.
Sonda ümid edirəm ki, mediasiya institutu onlara göstərilmiş etimadı doğruldaraq formal xarakter daşımayacaq və işlərini peşəkar quraraq yaranma səbəbini haqqını verəcəklər.
Qeyd etdiyim fikirlər mənə məxsus olmaqla Azərbaycan vətəndaşı və hüquqşünas olaraq ölkə rəhbərimizin təşəbbüsü ilə yaradılmış bir institutun inkişafında mən də maraqlı şəxsəm. Fikirlərimlə bağlı müzakirələrə və polemikaya hazıram”.