“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və eyni zamanda digər qanunvericilik aktlarında uşaqların hüquqları hər zaman ön plana çəkilir və uşaqların mənafelərinin qorunması zəruri hesab edilir.

Mediation.az xəbər verir ki, bu barədə Mediasiya Şurasından bildirilib.

Məlumata görə, UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəliyi, Ədliyyə Akademiyası, Mediasiya Şurası və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə mediatorlar üçün “Mediasiyada Uşaqlar: Uşaqların hüquqlarının qorunması, müdafiəsi, düzgün yanaşmanın istifadəsi və uşaqlara qarşı zorakılığın önlənməsi” üzrə maarifləndirici seminarların üçüncü mərhələsi keçirilib.

“Ailə münaqişələrinin həlli prosesində uşaqların maraqlarının qorunmasında kompleks yanaşma, uşaq hüquqlarının müdafiəsi, uşaqlarla davranış, ünsiyyət bacarıqlarının artırılması yolları ilə zorakılığın aşkarlanması, bu sahədə müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyatı dövlət orqanları ilə işlərin əlaqələndirilməsi üzrə bilik və bacarıqların artırılması seminarların əsas mövzularından biridir. Seminar iştirakçıları mediasiyaya müraciət edən ailələrdə münaqişənin səviyyəsini ölçə bilmək bacarıqlarına yiyələnməklə, valideynlərlə yanaşı uşaqların vəziyyətini qiymətləndirmək və onların maarifləndirilməsi, sosial-psixoloji reabilitasiya məqsədilə yönləndirmə prosesini həyata keçirmək üsulları ilə tanış olublar. İştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq onların ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonda iştirak etmiş mediatorlara sertifikatlar təqdim edilib”, – qeyd olunub.

Mediation.az