“Mediasiya Şurasında yeni komitələrin yaradılması nəzərdə tutulur”.
Mediation.az xəbər verir ki, bunu açıqlamasında Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.
Onun sözlərinə görə, məqsəd mediatorların peşəkarlıq səviyyəsinin artırılması və onların ixtisaslaşmasıdır: “Məlum olduğu kimi, mediatorlar ailə, əmək və kommersiya mübahisələri üzrə xüsusi təlimləri keçdikdən sonra bu işlərə baxa bilirlər. Artıq keçən dövr onu deməyə əsas verir ki, mediatorlarımızın bir çoxu qeyd edilən kursların hamısını bitirsə də, onlar artıq seçdikləri istiqamətlər üzrə ixtisaslaşma və daha da peşəkarlaşmaq üzərində düşünürlər. Mediatorların fərdi işgüzar inkişafına dəstək vermək məqsədi ilə Mediasiya Şurasında Ailə mübahisələri üzrə Komitə, Kommersiya mübahisələri üzrə Komitə, Əmək mübahisələri üzrə Komitə yaradılacaqdır. Bu Komitələrdə mediatorlar ixtisaslaşmaq istədikləri istiqamət üzrə birləşəcəklər. Komitələr təmsil etdikləri sektor üzrə problemləri müzakirə edərək təkliflər hazırlayacaq və İdarə Heyətinə təqdim edəcək. Eyni zamanda Komitələrin işinin daha səmərəli təşkili ilə əlaqədar olaraq mediatorlar ixtisaslaşdığı sahələr üzrə xarici və yerli seminarlara cəlb olunacaq, beynəlxalq təcrübəni öyrənəcəklər”.
N.Adilov deyib ki, komitələrin yaradılmasında ən başlıca səbəblərdən biri də mediasiya praktikasının öyrənilməsi, təhlil edilməsi və kazuslardan irəli gələn problemlərin həllinə vahid mediasiya təcrübəsinin tətbiqi imkanlarının yaradılmasıdır. O bildirib ki, komitələrdə iştirak könüllü əsaslarla olacaq və istənilən mediator istənilən komitədə təmsil olunmaq üçün müraciət edə biləcək.
“Mediasiya Şurası öz fəaliyyətində daima Korporativ idarəetmə standartlarını tətbiq edən peşə birliyi olduğu üçün mediatorların Şuranın qərarlarının müzakirəsindəki rolunu Komitələr vasitəsi ilə artırmaq həm də ən yaxşı alətlərdən biridir. Beynəlxalq təcrübədə də bu cür Komitələr mövcuddur və peşə birlikləri öz peşəkar müzakirələri üçün bu Komitələrdən uğurlu bir platforma kimi istifadə edirlər”, – deyə sədr qeyd edib.