“Mediasiya Şurasının vətəndaş müraciətlərini qəbul etdiyi bir il müddətində çox ciddi işlər görülüb. İnzibatçılıq təmin edilib, Şuranın idarə edilməsi sistemləşdirilib. Mediasiya prosesləri kəmiyyətdən keyfiyyət mərhələsinə qədəm qoyub. Artıq kifayət qədər ciddi nəticələrimiz var. Bu müddət ərzində mediatorların peşəkarlığı da artıb. Eyni zamanda barışıq sazişlərinin sayı artmaqdadır”.

Mediation.az saytı xəbər verir ki, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O, ailə mübahisələrinin müsbət həlli və nəticəyönümlü olmasına təsir edən amillərdən danışıb. Bildirib ki, burada bir çox amillər mühüm rol oynayır.

“İlk növbədə, burada dövlət orqanlarının dəstəyi və məsələyə münasibəti önəmlidir. Çox uğurlu bir haldır ki, ailə mübahisələrinin həlli sahəsində Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə və şəhər, rayon qeydiyyat şöbələri ilə çox sıx əməkdaşlıq edirik. İstər qeydiyyat şöbələrinə edilən müraciətlərdə, istərsə də mediasiya təşkilatlarına edilən müraciətlərin müsbət həllində birgə yanaşmamız, vətəndaş yönümlü olmağımız ailə mübahisələrinin müsbət həllinə ciddi təsir göstərir Təcrübə göstərir ki, bizim əməkdaşlığımız hətta bir çox hallarda nikaha xitam verilməməsi, ailə institutunun qorunmasında da mühüm rol oynayır. Qeydiyyat şöbələrində fəaliyyət göstərən psixoloqların, eyni zamanda qeydiyyat şöbələrinin əməkdaşlarının mediasiya islahatlarında iştirakı danılmazdır. Biz daim fəaliyyətimizdə bunu hiss edirik. Məhz bunun nəticəsidir ki, bizim əməkdaşlığımız ailə mübahisələri üzrə uğurlu və nəticə yönümlü həllərə ciddi təkan verir. Nikahlarına xitam vermək barədə müraciət edən vətəndaşlarımız ilə qeydiyyat şöbələrində aparılan yüksək keyfiyyətli metodiki söhbətlərin nəticəsində, bir tərəfdən onlar mediasiya institutu barədə maarifləndirilirlər, digər tərəfdən nikahlarının davam etdirilmə şərtlərini qarşılıqlı şəkildə razılaşdırmaq imkanlarının olduğunu öyrənirlər”, – deyə sədr qeyd edib.

N.Adilovun sözlərinə görə, bu və digər amillər barışıq sazişlərinin dinamikasına müsbət təsir etməklə yanaşı, tərəflərin mediasiyanın səmərəliliyini qəbul etməsinə, mediasiya sessiyalarında iştirakların aktivliyinə xüsusi töhfə verir: “Digər tərəfdən, tərəflərin nümayəndələrinin də uğurlu mediasiya proseslərində əməyi var. İstər beynəlxalq təşkilatlar, istərsə də milli səviyyədə biz ailə mübahisələrinin həllində uğurlu mediasiya proseslərinə müsbət təsir amili kimi qeydiyyat qurumu və eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə olan səmərəli əməkdaşlığımızı misal göstəririk. Sualınızın yaratdığı fürsətdən istifadə edərək Ədliyyə Nazirliyinin rəhbərliyi başda olmaqla, Nazirliyin Qeydiyyat və notariat baş idarəsinə və onların timsalında ədliyyə orqanlarının əməkdaşlarına və eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə və bizə dəstək göstərən hər bir Komitə əməkdaşına bütün göstərilən dəstək və sıx əməkdaşlıq üçün Mediasiya Şurası adından dərin minnətdarlığımı bildirirəm”.

Mediation.az