“Mediatorların ilkin hazırlığı kurslarının yekun imtahanları üzrə Komissiyanın üzvü olaraq qeyd edim ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası hakimlərin, vəkillərin yetişdirilməsindəki mühüm rolu mediatorların da formalaşması sahəsində davam edir”.

Mediation.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.

“Çox sevindirici haldır ki, kifayət qədər ciddi, şəffaf, açıq şəkildə keçirilən baza mediasiya kurslarının yekun imtahanlarında iştirak edən 43 nəfər mediatorluğa namizədlərdən 38 nəfəri imtahanı müvəffəqiyyətlə verərək baza mediasiya sertifikatını almağa layiq bilindi. İmtahanda iştirak edən 5 nəfər namizəd isə qeyri-məqbul qiymətləndirildiyindən müvəffəqiyyət qazana bilmədi”, – deyə o bildirib.

N.Adilov deyib ki, baza mediasiya təlimləri davamlı olaraq yeganə mediasiya təlim qurumu olan Ədliyyə Akademiyasına müraciət edənlərin növbəlilik prinsipinə əsasən davam etdiriləcək: “Sıralarımıza yeni mediatorlar qoşulduqca keyfiyyətli mediasiya xidmətlərinin artacağına əminliyimizi ifadə edirik. Baza mediasiya sertifikatı alan şəxslər yalnız və yalnız Mediasiya Şurası nın üzvlüyünə qəbul edilərək, mediatorların reyestrinə daxil edildikdən sonra mediator fəaliyyəti ilə məşğul ola bilərlər”.

“İmtahanlardan uğurla keçən mediatorlarımızı təbrik edirəm, yeni etimad göstərilən mediatorlarımızı Mediasiya Şurasının sıralarında görməkdən və keyfiyyətli mediasiya xidmətləri yönümlü olmaqlarından məmnun olardıq”, – sədr əlavə edib.

Mediation.az