Mediator-təlimçi Alidə Mahmudova və mediator-təlimçi Hüseyn Əliyev İxtisas Komissiyasının yeni üzvləri təyin ediliblər.
Mediation.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin İxtisas və İntizam Komissiyalarının birgə keçirdiyi iclasda qərar qəbul olunub.
A.Mahmudova özəl və dövlət sektorunda hüquqşünas və hüquq məsləhətçisi kimi, o cümlədən 7 il məhkəmə orqanlarında (kommersiya mübahisələri üzrə) dövlət qulluğunun müşaviri kimi böyük təcrübəyə malikdir. Alidə Mahmudova 23 ildən artıq təcrübəyə malik olmaqla, 2007-ci ildən beynəlxalq təşkilatlarda, Avropa İttifaqı nümayəndəliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Ümumdünya Ticarət Təşkilatının müxtəlif proqramlarında milli qanunvericilik bazasının və institusional islahatların təkmilləşdirilməsi sahəsində hüquq məsləhətçisi kimi 14 ildən artıq təcrübəyə malikdir.
H.Əliyev isə bakalavr təhsilini 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə, magistr təhsilini 2007-2009-cu illərdə Şimali Kipr Türk Respublikasının Girne Amerikan Universitetində Biznesin inzibatçılığı (MBA) istiqaməti üzrə fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə ABŞ Dövlət Departamentinin Edmund S. Muskie Mübadilə Proqramı (Muskie) çərçivəsində Tuleyn Universitetində təhsil alaraq Beynəlxalq və müqayisəli hüquq ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə əldə edib. Korporativ və kommersiya hüququ üzrə ixtisaslaşaraq 12 illik peşəkar təcrübəyə malik olan Hüseyn Əliyev hazırda neft-qaz şirkətində hüquq şöbəsinin rəhbəri vəzifəsində çalışır. Hüseyn Əliyev İxtisas Komissiyasının üzvü təyin olunanadək Mediasiya Şurasının Layihələrin idarə edilməsi işçi qrupunun üzvü kimi fəaliyyət göstərib. O həmçinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının yeni üzvlərindəndir. Hüseyn Əliyev 2012-ci ildən etibarən Bakı Dövlət Universitetində “Mübahisələrin məhkəmədənkənar həlli” və 2022-ci ildən etibarən Xəzər Universitetində “Mediasiya: nəzəriyyə və praktika” fənlərini tədris edir.
Qeyd edək ki, İxtisas Komissiyasının əsasnaməsinə əsasən, İxtisas Komissiyasının tərkibi 7 nəfərdən ibarətdir. Bugünədək İxtisas Komissiyası öz fəaliyyətini 5 üzvlə davam etdirib. Mediasiya Şurasının İxtisas Komissiyası mediatorların fəaliyyətinə metodiki köməklik göstərmək, mütəmadi təhlillər aparmaq, məlumatlandırıcı və təlimatlandırıcı vəsaitlər hazırlamaq, maarifləndirici sahədə faliyyət göstərən Komissiyadır. Mediator fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının keçirilməsi ilə əlaqədar mediasiya təlimi qurumları ilə koordinasiyalı fəaliyyət göstərilmə sahəsində də önəmli rol oynayan İxtisas Komissiyası Mediatorlar üçün Metodiki vəsaitin də üzərində işlərin yekunlaşdırılması mərhələsindədir.