Mediasiya mediatorun və ya mediatorların vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq əsasında həll prosesidir.
Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs mediator adlanır.
Mediasiya bu işlər üzrə tətbiq ediləcək:
- Ailə münasibətlərindən irəli gələn mübahisələr;
- Əmək münasibətlərindən irəli gələn mübahisələr;
- Kommersiya mübahisələri. Buraya daxildir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla).
İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı məcburidir.
I. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr qanuna uyğun olaraq mediasiya vasitəsilə həll edilir:
- Nigahın davam etdirilməsi şərtləri;
- Valideyinlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;
- Uşağın yaşayış yerinin müəyyən edilməsi;
- Uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;
- Ailə münasibətlərindən irəli gələn digər mübahisələr.
II. Əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:
- Fərdi əmək mübahisələri;
- Kollektiv əmək mübahisələri.
III. Mülki işlər və iqtisadi mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Əgər həmin hallar aşkar edildikdə mediator tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosessindən imtina etməlidirlər.
Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.
Mediasiya prosesinin tərəfləri hüquqi və fiziki şəxslər (o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır.